15 Avqust 2014 16:58

“Bakı Dövlət Universitetinin builki qəbul planı 4325 nəfərdir və 15 avqusta olan məlumata görə artıq 3659 nəfər qeydiyyatdan keçib. Ödənişli təhsilə qəbul olan tələbələrin təxminən 300 nəfəri güzəştli kateqoriyaya (məcburi köçkünlər, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuşların övladları) düşdükləri üçün təhsil haqqının ödənilməsindən azaddırlar”.

Teleqraf.com-a bu məlumatı verən BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın bildirdiyinə görə, universitetin rektoru Abel Məhərrəmov bu gün universitetə yeni qəbul olan tələbələr və onların valideynləri ilə görüşüb. Rektor 2014/2015-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu ilə maraqlanıb, sonra universitetin həyətində tələbə və valideynlərlə söhbət edib.

Valideynləri maraqlandıran suallara cavab verən rektor, eyni zamanda yataqxana məsələsindən də danışıb. Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yararsız vəziyyətdə olduğunu deyən rektor, həmin binaların bir qisminin söküldüyünü və həmin ərazidə təxminən 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksinin inşa olunacağını da diqqətə çatdırıb. Sonra bir qrup valideyn universitetin Tədris Elektron Mərkəzi, çoxsaylı laboratoriyaları, auditoriyaları, idman kompleksi və yeməkxanaları ilə tanış olublar. Valideynlərdən Səyyaf Yusifov, İqbal Adiloğlu, İradə Soltanova, Cəfər Əliyev, Sahibəli Fərəcov universitet mühitinin onlarda yüksək təəssürat oyatdığını qeyd ediblər.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində tələbə adını qazanan abituriyentlərin sənədlərinin qeydiyyat prosesi avqust ayının 22-dək uzadılıb. Boş qalmış yerlərə qəbul olmuş abituriyentlərin son qeydiyyat tarixi isə avqustun 28-də başa çatacaq.

SEVİL


Müəllif:
Загрузка...