1 May 2014 14:41
564

“Məşğulluq mərkəzləri işaxtaranlar üçün daha əlçatan xidmətlər göstərməlidir”. Bunu İsmayıllıda işsiz və işaxtaran vətəndaşların məşğulluğunun müasir dünya təcrübəsindən irəli gələn səmərəli iş üsulları əsasında təmin olunmasına xidmət edən Pilot Məşğulluq Mərkəzinin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Teleqraf.com-un məlumatına görə, nazir məşğulluq xidmətinin fəaliyyətinin səmərəli iş metodları əsasında qurulmasının əsas vəzifələrdən olduğunu bildirib: “Məşğulluq mərkəzlərinin xidmətlərindən əhalinin daha səmərəli və çevik yararlana bilməsi üçün bu xidmətlərin keyfiyyətinin artırılması, işsiz və işaxtaranların əmək bazarına inteqrasiyası, real məşğulluq imkanlarına yiyələnməsi üçün təsirli vasitələrin formalaşdırılması vacibdir.

Bununla bağlı həmin mərkəzlərin ümumən iş şəraitində, təchizat sistemlərində də məqsədyönlü dəyişikliklər aparılmalı, yüksək səviyyəli informasiya bazası yaradılmalıdır. Məşğulluq mərkəzləri işaxtaranlar üçün daha əlçatan xidmətlər göstərməlidir. İsmayıllı rayonunda yaradılan pilot mərkəz bu istiqamətdə ilk addımdır”.

Nazir bildirib ki, mərkəz işsiz və işaxtaranlar barədə məlumatlar yerləşən informasiya bazasına malikdir. Burada vakant iş yerləri barədə məlumat-informasiya köşkü quraşdırılıb, daimi internet bağlantısı təmin olunub. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün əmək birjası xidməti də göstəriləcək: “Bu o deməkdir ki, artıq hər hansı müvəqqəti bir iş axtaran insanın bunun üçün gedib hansısa yerdə, küçədə, yol kənarında dayanıb gözləməsinə ehtiyac yoxdur”.

Daha sonra İsmayıllı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş əmək yarmarkası keçirilib.

Naibə


Müəllif: