6 May 2014 10:02
2 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) və Azərbaycan Müəllimlər İnstitutunun birgə əməkdaşlığı ilə “World Vision İnternational” Beynəlxalq Humanitar Təşkilatının ayırdığı vəsait çərçivəsində “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” adlı layihəsinin həyata keçirilməsi davam edir.

Layihə çərcivəsində artıq bir sıra mühüm fəaliyyətlər reallaşdıran və “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil xidmətləri və inklüziv təhsilin metodları” mövzusunda 15 təlim keçirilibdir. Məlumat üçün bildirək ki, təlimlərdən 6 Bakıda, 9 isə Azərbaycan Müəllimlər İnstitutunun filiallarında (Şəki, Zaqatala, Salyan və Cəlilabad) həm inklüziv təhsilə cəlb ediləcək pedoqoji kadrlar, həm də sağlamlıq imkanları məhdud uşaqların valideynləri üçün keçirilibdir. Azərbaycan Müəllimlər İnstitutunda İnkluziv Təhsil Mərkəzi yaradılıb Mərkəz 275 adda kitabla, kompyuter, notbuk, mebel və digər əyani vəsaitlərlə təchiz olunubdur. Layihə çərçivəsində 02 may 2014-cü il saat 11:00 da Azərbaycan Müəllimlər İnstitutunda “Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları” mövzusunda respublika elmi-praktiki konfransı keçirilibdir.

Konfransın plenar iclasını giriş sözü ilə AMİ-nin prorektoru, pedoqogika üzrə fəlsəfə doktoru Rahim Əzizov açaraq konfrans iştirakçılarını AMİ-nin rektoru, millət vəkili, professor Aqiyə xanım Naxçıvanlının adından salamlayaraq layihə və müasir dövrdə inklüziv təhsilin əhəmiyyəti haqqında məlumat verdi.

Sonra layihənin koordinatoru, SHAİB-in sədri, hüquq elmləri doktoru, professor Mayis Əliyevin “Əlilliyi olan şəxslərin təhsil hüquqlarının reallaşdırılması vasitəsi kimi inklüziv təhsilin hüquqi tənzimi problemləri”, Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət Uşaq Müəssisələri və Alternativ Xidmətlər şöbəsinin müdiri Həbib Kərimovin “Inklüziv təhsil: mövcud vəziyyət və inkişaf prespektivləri” məruzələri dinlənildi. Məruzə ətrafında müzakirələrdə AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Zamiq Aslanov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova, Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, UAFA-nın Yasamal icma əsaslı reabilitasiya mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva və digərləri çıxış edərək konfransın əhəmiyyətini və inklüziv təhsilin Azərbaycanda daha geniş şəkildə tətbiqi edilməsi imkanlarını vurğuladılar.

Konfransın plenar iclası xüsusi qayğıya ehtiyacı olan və inklüziv təhsilə cəlb edilmiş uşaqların rəsm sərgisinə baxışla yekunlaşdı. Daha sonra beş bölmə üzrə işini davam etdirən konfransda məktəbəqədər təhsil pilləsində inklüziv təhsilin təşkili, tam orta məktəblərdə inklüziv uşaqlarla yaranan problemlər və onların həlli yolları, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üzrə görülməli işlər və inklüziv təhsilə cəlb edilmiş uşaqlarla işləyən müəllimlərin təlim-tədris metodikası mövzularında 65 məruzə dinlənilmiş və müzakirələr aparılıb.


Müəllif: