15 Aprel 2014 16:50
874

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi elmin təbliği istiqamətində tədbirlər həyata keçirir. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, bölmənin tərkibinə daxil olan institut və təşkilatlar regionlarda elmin populyarlığını artırmaq, ümumtəhsil məktəbləri, lisey və ali təhsil ocaqlarında ixtisaslaşmış olimpiadalar təşkil etmək istiqamətində bir çox işlər görüb: AMEA Riyaziyyat və Mexanika İnstitutunda olimpiadalar keçirmək üçün mütəxəssislərdən ibarət təşkilat komissiyası yaradılıb, Bakı, Sumqayıt şəhəri və İsmayıllı rayonunda yerləşən orta məktəblərdə riyaziyyat olimpiadalarının təşkili üçün şəhər təhsil idarələri və rayon icra hakimiyyəti ilə razılıq əldə olunub.

Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası ötən ay Şamaxı Astrofizika Rəsədxanasında AMEA və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş “Əyləncəli elm” adlı tədbirdə rayonun şagirdləri üçün fizika və kimyaya dair maraqlı təcrübələr nümayiş etdirib. Silsilə xarakterli tədbirlər çərçivəsində digər bölgələrə səfərlər də planlaşdırılır. Fizika İnstitutunun bu istiqamətdə atmış olduğu addımlardan biri kimi Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə X siniflər arasında keçirilmiş sınaq olimpiadasını qeyd etmək olar. Sınaq olimpiadasının nəticələrinə əsasən fərqlənən 9 şagird bu il aprelin 19-da düzənlənəcək olimpiadada iştirak edəcək.

Növbəti olimpiada paytaxtın 117 saylı tam orta məktəbində istedadlı şagirdlərin LOQO proqramlaşdırma dili üzrə təşkil olunacaq. Sözügedən olimpiadaya hazırlıq məqsədi ilə Kibernetika İnstitutu həmin məktəbdə dərnək açmış və gələcəkdə "Kompüter təmayüllü" sinfin yaradılması üçün görüləcək işlərə start verib.

Digər olimpiada isə 17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”dır. Olimpiada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı və İnformasiya Texnologiyaları İnstitutunun texniki dəstəyi ilə 13-26 aprel tarixlərində institutda keçiriləcək.

SEVİL


Müəllif: