16 Aprel 2014 11:37
965

İlham Şaban: “Göllərin təmizlənməsi böyük maliyyə vəsaiti və zaman kəsimi tələb etsə də, ekoloji baxımdan çox faydalıdır”

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Bakıda mövcud olan göllərin təmizlənməsi proqramından bəhs edib və artıq proqramın icrasına başlandığını bildirib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Bakını təmiz göllər şəhərinə çevirən layihə ilk növbədə araşdırma tələb edir: “Bu məsələyə nə qədər investisiya lazım olduğunu demək hələ tezdir. Bunu müəyyən dövlət qurumları, əsasən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi araşdırmalıdır.

Həmçinin göllərə çirkab sularının axıdılması dayandırılmalıdır. Əgər onların özlərinin reabilitasiyası gedirsə, bu, tamam başqa məsələ. Göllərinin dibinin təmizlənməsi gündəmdə durur, ya yox - bunu da diqqətə almaq lazımdır. Bu, uzunmüddətli prosesdir. Bildiyim qədər, hələ orada ilkin hesablama işləri aparılmayıb. Bundan sonra tender elan olunmalıdır ki, müvafiq təkliflər verilsin. Tenderin də şərtləri olmalıdır. Hələ ki, ilkin etapdır. Hələ layihənin tam olaraq ərsəyə gəlməsi üçün heç olmasa, 6 ay onun üzərində işlənməlidir. Bəlkə də, həmin işlər görülüb, ancaq ictimaiyyətə çatdırılmayıb".

İlham Şaban göllərin təmizlənməsi proqramının icrasını faydalı və vacib hesab edir: “Azərbaycanda neft hasilatı XIX əsrin ikinci yarısından başlayıb. İnsanlar bilmir nəyə görə Abşeronda neft gölməçələri əmələ gəlib. Neft hasil ediləndə neftlə bərabər lay suları da çıxır. Çünki neft layı təkcə neftdən ibarət olmur. Orda neft, su və qum olur.

Əvvəllər onları bir-birindən ayıran heç bir texnologiya olmayıb. Sovet dövründə Sabunçuda, Suraxanıda, Balaxanıda, Bibiheybətdə arx açılıb və neft götürülüb, su isə axıdılıb. Bibiheybətin özündə, Lökbatandakı göllər var, onlar yerdən çıxan həmin o radiasiyalı mədən suyunun hesabının yaranıb. Ona görə də, göllərin təmizlənməsi böyük maliyyə vəsaiti və zaman kəsimi tələb etsə də, ekoloji baxımdan çox faydalıdır.

Yaxşı olardı, tələb olunan maliyyə vəsaiti təkcə dövlət büdcəsindən ayrılmasın. O yükün biznes sahələri ilə də bölüşülməsi məqsədəuyğun olardı. Həmin göllərin ətrafında biznes strukturlarına, obyektlərə yer verməklə tələb olunan xərci bölüşmək olar. Çünki bu iş prezidentin söylədiyi kimi, böyük investisiya tələb edir..."

Sevinc FƏDAİ


Müəllif: