16 Aprel 2014 16:27

Təhsil nazirinin təklifinə ilk reaksiyalar bildirildi

Aprelin 13-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabineti 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirib. İclasda digər nazirlərlə yanaşı, təhsil naziri Mikayıl Cabbarov da son 3 ayda təhsil sahəsində görülən işlərdən danışıb.

Ali məktəblərin nizamnamələri yenidən işlənməlidir

Nazir çıxışında ali təhsil müəssisələrində islahatların aparılmasına ehtiyac olduğunu da vurğulayıb: “Bugünkü dünya rəqabət dünyasıdır. Uşaqlarımızın gələcək rəqibləri hazırda Çində, ABŞ-da, Çilidə və istənilən digər ölkədə böyüyürlər. Deməli, bizim təhsil sistemimiz çevik və ömür boyu öyrənmək imkanlarına malik kadrları formalaşdırmağı bacarmalıdır.

Ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması zəruridir. Ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır".

Nazirin səsləndirdiyi təşəbbüslər ali məktəblərdə necə qarşılanıb? Məsələ ilə əlaqədar bir neçə ali məktəb rəhbərliyi və Azərbaycan Təhsil Şurasının (ATŞ) sədri Əjdər Ağayevlə əlaqə saxladıq.

“Rektorun Elmi Şura qarşısında hesabat verməsi nazirliyin qərarından asılıdır”

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov bildirdi ki, təmsil etdiyi ali məktəbdə nizamnamənin yenidən qəbul olunması barədə göstəriş olsa, bu məsələyə yenidən baxılacaq: “Amma nəzərinizə çatdırım ki, akademiyanın nizamnaməsi 2012-ci ilin mayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Nizamnaməyə hansısa müddəaların əlavə edilməsi, yaxud yenidən baxılması haqqında qərar verilsə, sözsüz ki, bu məsələ nəzərdən keçiriləcək”.
Ali məktəb rəhbərinin 5 ildən bir hesabatını da prorektor məqbul hesab edir: “Neft Akademiyasında hər bir fakültə dekanı Elmi Şura qarşısında ən azı ildə bir dəfə hesabat verir və fəaliyyəti qiymətləndirilir. Amma rektorların Elmi Şura qarşısında hesabat verməsi bizim səlahiyyətimiz çərçivəsində deyil. Əgər nazirlik belə bir qərar versə, bu rektorlar üçün də keçərli olar”.

“Boloniya prosesi ilə əlaqədar universitetimizin nizamnaməsi dəyişilməlidir”

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov dedi ki, ADU yenilikçi ali məktəb olduğuna görə, nazirin yeniliyi təbliğ edən təklifləri universitet dəstəkləyir: “Bu gün Təhsil Nazirliyi konkret olaraq ali məktəblər qarşısında məqsəd qoyub ki, səriştəli, bacarıqlı tələbələrin yüksək keyfiyyətli təhsil almaları üçün ”Sabah" qrupları yaradılsın. Biz bunu məmnuniyyətlə qəbul edirik. Çünki biz hələ 10 il əvvəl alman, fransız dili fakültələrində “Filyer” qrupları yaratmışıq.

“Filyer” fransızca öndə gedən deməkdir. Hazırda ingilis dili fakültəsində belə qrup yaradılıb. Yaxud ixtisas seçimi ilə bağlı nazirin ali məktəblərlə orta məktəblərin birgə fəaliyyət göstərməsi çox faydalı təklifdir. Universitetimizin nizamnaməsinə gəlincə, son dəyişikliklər 2000-ci ilin əvvəllərində olub, amma sözsüz ki, boloniya prosesi ilə əlaqədar universitetlərin nizamnaməsində dəyişikliyə ehtiyac var".
Prorektor hesab edir ki, rektorlar da rəhbərliyi təmsil edən şəxs kimi gördüyü işə görə cavabdeh olmalıdır: “Hansı vəzifədə olur-olsun insan hesabat verməlidir. Əgər rektor 5 il sonra bu vəzifəyə doğrudan da layiqdirsə , yenidən işləsin. Bu baxımdan nazirin irəli sürdüyü təklifə tam şərikəm. Hazırda bu istiqamətdə nazirlikdə müəyyən işlərin aparılması yaxşı haldır. İqtisad Universitetinin rektoru ona görə çıxarıldı ki, həm Milli Məclisdə komitə sədridir, həm də universitet rektorudur. Bu məsələlərin hamısına hazırda daha ciddi şəkildə baxılır”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimli isə bildirdi ki, suallarımıza yalnız rektor cavab verə bilər.

ATŞ sədri Əjdər Ağayev də hesab edir ki, təhsil naziri yenilikçi şəxs olduğuna görə, onun təşəbbüsləri təqdir olunmalıdır: “Planetar səviyyədə insan yetişdirilməsi baxımından təhsilin müasirləşdirilməsinə çox böyük ehtiyac var. Ona görə nazirin müasir düşüncələrlə çıxış etməsi və bunları həyata keçirmə cəhdləri dəstəklənməlidir. Amma bu məsələlərlə əlaqədar olan bəzi insanlar və bütövlükdə cəmiyyət buna hazır deyil. Bu baxımdan cəmiyyətin maariflənməsinə ehtiyac var”.

Əjdər Ağayevin fikrincə, Azərbaycanda universitet rəhbərlərinin uzun müddət bu vəzifəni daşımasının obyektiv səbəbləri var: “Müstəqillik qazandıqdan sonra çox çətin yollardan keçdik. Hər adamın idarəetmə təyinatı özünü doğrultmurdu. Buna görə idarəetmədə bacarığı olanlar bu struktura seçilməlidir. Əgər kafedra müdirləri, dekanlar seçki yolu ilə təyin olunurlarsa, rektorların da seçki yolu ilə müəyyənləşməsi yaxşı olardı. Hətta mən deyərdim ki, özəl ali məktəblərin təsisçisi öz yerində qalsa da, rektorlar seçki yolu ilə müəyyənləşsin. Bu günün rektoru daha perspektivli, yüksək potensiallı, xüsusilə xarici dil bilməsi, müasir texnologiyalara bələd olması, yüksək mədəniyyət davranışına sahib olması əsas tələbdir”.

Təhsil Nazirliyindən isə bildirlildi ki, irəli sürülən təşəbbüslərlə əlaqədar nazirlikdə ilkin proseslər getdiyinə görə bu barədə konkret fikir yoxdur.

Sevil HİLALQIZI


Müəllif: