23 Fevral 2015 11:20

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

DSX-dan Teleqraf.com-a verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

Tədbirdə çıxış edən DSX rəisinin müavini general-mayor Azad Ələkbərov yaradıcısı müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyev olan Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibəti ilə gənc əsgərləri və onların valideynlərini təbrik edib.

General-mayor A.Ələkbərov çıxışında ulu öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edərək, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıb. O, dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış ideal şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrlə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirib.

Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

BƏXTİYAR


Müəllif: