2 Mart 2015 21:04

Bu gün AZƏRTAC Dövlət İnformasiya Agentliyinin yaranmasının 95 illik yubileyi münasibətilə mərasim keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri, müxtəlif ölkələrin xəbər agentliklərinin, yerli media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC 95 illik yubileyini onun üçün xüsusilə əlamətdar olan belə bir dövrdə, eyni zamanda, qloballaşan dünyada dəyər sistemlərinin yeniləndiyi, həyatın bütün sahələrində fundamental transformasiyaların baş verdiyi, yeni informasiya texnologiyalarının yarandığı, sosial media bumunun yaşandığı bir dövrdə qeyd edir.

O bildirib ki, AZƏRTAC-ın bugünkü səviyyəyə gəlib çatması, dünya informasiya məkanına çıxması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Biz eyni qayğını möhtərəm Prezidentimiz cənab İlham Əliyevdən də görürük. Cənab Prezidentin agentliyimizin adının dəyişdirilməsi, AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə 13 əməkdaşımızın Azərbaycan Respublikasının bir sıra fəxri adları və mükafatları ilə təltif edilməsi barədə imzaladığı sərəncamlar bizdə böyük sevinc doğurub".

Mərasim zamanı xarici dövlətlərin bir sıra nüfuzlu xəbər agentlikləri ilə ikitərəfli sazişlər və memorandumlar imzalanıb.

Mərasim çərçivəsində AZƏRTAC ilə Türkiyənin "Anadolu" informasiya agentliyi, Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq sazişləri, Ruminiyanın AGERPRESS agentliyi ilə Anlaşma Memorandumu imzalanıb.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.


Müəllif: