20 May 2014 17:02
771

Azərbaycanda yeni işə qəbul olunan müəllimlər üçün andiçmə mərasimi keçiriləcək. Bu, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı "Müəllimlərin etik davranış qaydaları"nda nəzərdə tutulub.

Qaydalara görə, müəllim ilk dəfə daimi işə qəbul olunarkən aşağıdakı and mətnini oxuyub and içəcək: "Azərbaycan Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacagıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracagıma, müəllim adını və şərəfini uca tutacağıma and icirəm".

Hər müəllim yalnız bir dəfə and içəcək. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanacaq.

Təhsil sahəsində dəfələrlə yüksək dövlət mükafatları almış, hazırda fəxri təqaüddə olan tanınmış pedaqoq,132 saylı məktəbin keçmiş direkoru Aliyə Təhmasibin qəbul olunmuş yeni qaydaya münasibət bildirib.

Teleqraf.com-a açıqlamasında o, deyib ki, həkimlər də analoji and içərək fəaliyyətə başlayırlar, amma bu prosedurun praktik əhəmiyyəti yüksək deyil: “Tibb işçiləri də Hippokrat andı içirlər, amma rüşvətxorluq baş alıb gedir. And içən həkimlər pulsuz əməliyyat etmir, and içən müəllimlər nə edəcək?!”

Aliyə Təhmasib hesab edir ki, müəllimlik peşəsinə şərəflə xidmət etmək istəyənlər and içə və andına sadiq qala bilərlər: “Daha yaxşı olardı andiçmə mərasimi ali məktəbi bitirərkən təşkil olunsun.

Azərbaycanda korrupsiyanın kökünü kəsmək üçün işlər görülür. Əlbəttə, bu məsələnin kökündən həlli bir günün işi deyil, amma bu arıdıcıllıqla davam etsək, buna da nail olacağıq”.

Təhsil Tədqiqatlar Mərkəzinin rəhbəri Əlövsət Sadıqlı hesab edir ki, bu qaydaların qəbul olunması məntiqə uyğundur və hər bir məsuliyyət sahibinə belə andiçmə proseduru tətbiq etmək mümkündür.
Ekspertin fikrincə, qaydalarda bəzi ziddiyyətlər də var: “Məsələn, müəllim and içir ki, “Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağam”. Burada müəyyən dəqiqləşdirməyə ehtiyac var. Ənənəçiliyə söykənsək, bu, təhsili daha da acınacaqlı vəziyyətə gətirib çıxara bilər.

Bu qaydalarda müəllimlərə ictimai münasibətini, cəmiyyətə baxışını bildirmək də qadağan olunur. Bildirilir ki, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda, işlədiyi və digər müəssisələrin dövlət orqanlarının rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən çəkinməlidir. Bu qadağa onu göstərir ki, müəllim öz şəxsi mülahizələrini söyləmək imkanından məhrum olur.

Digər bir tərəfdən, adminstrativ hökmlərin gücləndirilməsi təhsilimizə heç nə verməyəcək. Müəllimin Azərbaycan məktəbində rüşvət, hədiyyə almamasını adminstrativ qaydalarla həll etmək müşküldür. Təhsilimizdə bir nömrəli həlli vacib problem korrupsiyalaşmış təhsil şəbəkəsinin dəyişməsidir. Belə şəbəkə ilə təhsildə inkişafdan söhbət gedə bilməz”.

Sevil HİLALQIZI


Müəllif: