10 İyul 2015 16:05
220

Azərbaycanda badminton idman növünün kütləviləşdirilməsi üçün lazım olan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri, Azərbaycan Badminton Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov deyib.

Federasiya prezidentinin sözlərinə görə, ilk mərhələdə səylər badminton idman növünün daha da populyarlaşdırılması və kütləviləşdirilməsinə yönəldiləcək: "Bizim vaxtilə bu idman növü üzrə ənənələrimiz olsa da, hazırda vəziyyət o qədər də ürəkaçan deyil. Bizim çox məhdud sayda məşqçilərimiz, bu idmanla məşğul olan oyunçularımız var".

M.Cabbarov bildirib ki, respublikada 8 məşqçi, təxminən 150 oyunçu badmintonla məşğul olur. Bunu kifayət qədər az hesab edən nazirin sözlərinə görə, bu idman növünün kütləviləşdirilməsi üçün zəruri şərait yaradılacaq: "Avropa Oyunlarında da badminton idman növünün mövcudluğu bu oyunun populyarlaşdırılmasına xidmət edir. Düşünürəm ki, gələn həftə bu məsələyə dair Badminton Federasiyası adından daha geniş açıqlamalar veriləcək. Artıq iş planı tərtib olunub".


Müəllif: