20 May 2016 15:34
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün cəsədləri bu gün Bakıya gətirilib və bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.

Bu barədə Teleqraf.com-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmayıb. Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və bütün lazımi tibbi yardım göstərilir. Bundan əlavə, qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutuları” Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. “Qara qutuların” oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq. Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.

Naibə QURBANOVA


Müəllif: