26 İyul 2016 17:38
537

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, sabiq nazirin şikayətinə Naxçıvan Apelyasiya Məhkəməsində baxılır.

Vəli Ələsgərovun apelyasiya şikayəti üzrə ilkin baxış keçirilib. Prosesdə Vəli Ələsgərovun anket məlumatları dəqiqləşdirilib və apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Daha sonra Vəli Ələsgərovun vəkilləri bir neçə vəsatətlə çıxış edib. Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmə baxışı avqustun 1-nə təyin olunub.

Qeyd edək ki, Vəli Ələsgərovun vəkili Vüqar Xasayev apelyasiya şikayəti verib. Vəkil sabiq nazir barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: