9 İyul 2014 20:13
3 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtər şəhər sakini, 1989-cu il təvəllüdlü Dilsuz Quliyevin məhkəməsi başa çatıb. İttihama görə, Dilsuz Quliyev ailə qurmaq niyyətində olduğu dayısı qızı Elnarə Abbaslının Tərtər rayonu Şıxarx kənd sakini, 1996-cı il təvəllüdlü Elgün Xıdırovla telefonla danışdığını və onların bir-birilərini sevdiklərini öyrənib.

O, dayısı qızı ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə ötən il sentyabrın 18-də, saat 18.00-da Elgün Xıdırovla əlaqə saxlayıb. Dilsuz Elgünlə Tərtər rayonunun mərkəzindəki məscidin yaxınlığında görüş təyin edib.

Dilsuz görüş yerinə gələndə tək olmayıb. O, tanışı Əfqan Cəfərovla Yaqub Qəhrəmanlının idarə etdiyi “Mercedes Benz-180" markalı taksidə Tərtər rayonunun Şəhriyar qəsəbəsi yaxınlığında yerləşən 34-cü post kimi tanınan əraziyə gəlib. Maşını Vəzir İsmayılova məxsus torpaq sahəsinin kənarında saxlatdırıb. Əfqan Cəfərovla sürücü Yaqub Qəhrəmanlı avtomobilin yanında qalıblar.

Dilsuz Elgün Xıdırovu avtomobilin dayandığı yerdən təxminən 150 metr kənarda, böyürtkən kolluqlarının yoldan görünməyən arxa hissəsində söhbətə dəvət edib. Orada təxminən 40 dəqiqə dayısı qızı Elnarə Abbaslı ilə aralarında olan münasibətlər barədə Elgün Xıdırovu sorğu-suala tutub. Daha sonra Elgündən dayısı qızı ilə telefon danışıqlarına son qoymasını tələb edib. Elgün isə onun sözlərinə əhəmiyyət verməyib, deyib ki, şəxsi işlərinə heç kəsin müdaxilə etməyə ixtiyarı yoxdur.

Mübahisə zamanı Dilsuz üzərindəki bıçaqla qəfildən Elgünə iki zərbə vuraraq onu yerə yıxıb. Elgünün öləcəyini düşünərək hadisə yerindən qaçıb. Amma Elgün özünü toplaya bilib və Dilsuzu gözləyən maşının yanına gəlib. Onu Əfqan Cəfərov və Yaqub Qəhrəmanlı dərhal xəstəxanaya çatdırıblar.

Həkimlər Elgünün həyatını xilas ediblər. Dilsuz Quliyev Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həbsə alınıb.

Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunan Dilsuz Quliyevə 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Hacı Zeynalov


Müəllif: