24 Aprel 2017 18:44
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1952-ci il təvəllüdlü Cəlal Məmmədov və 1985-ci il təvəllüdlü Teyyub Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.

İttihama görə, təqsirləndirilən şəxslərdən Teyyub Talıbov əvvəllər də məhkumluq həyatı yaşayıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2016-cı il tarixli qərarı ilə eyni əmələ - dələduzluğa görə 7 il cəza alıb.

Ancaq Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəza şərti hesab edilərək o, azadlığa buraxılıb. Bir neçə ay sonra isə yenidən dədləduzlqda təqsirli bilinərək həbs edilib.

Cəlal Məmmədov və Teyyub Talıbov bir neçə nəfərə qarşı dələduzluq ediblər. Onlar hazırda həbsdə olan Nailə Ağayevanın azadlığa buraxılmasına kömək edəcəkləri adı ilə onun yaxınlarından 54 min manata qədər pul alıblar. Vergidən yayınmaqda təqsirləndirilərək həbs edilən Nailə Ağayeva azadlığa buraxılmadığı kimi, yaxınlarının pulu da geri qaytarılmayıb.

Teyyub Talıbov evini satmaq istəyən Məmməd Axundzadədən 2 min manat alaraq ona kömək edəcəyini, evi yaxşı qiymətə satacağını vəd edib.

Digər tərəfdən cütlük Bakı sakini Vəsilə Abduləzimzadəni də aldadıb. Vəsilə Abduləzimzadənin 34 min manatını ələ keçirərək Məmməd Axundzadənin evini ona alacaqlarını yalandan vəd ediblər.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Teyyub Talıbov həbsdə olan Nailə Ağayevanın azadlığa buraxılması üçün alınan pulun işə baxan Yasamal Rayon Məhkəməsinin sabiq hakiminə verdiklərini, həmin pulun onlara çatmadığını deyib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Cəlal Məmmədovun 7 il 6 ay, Teyyub Talıbovun isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə iclası mayın 1-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: