17 İyun 13:32
489

Dələduzluqda təqsirli bilinən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” mağazasına yatırım etmək istəyib. Əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.

Əlikram Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Samir Nəbiyev isə vəsaiti mənimsəyərək Əlikram Camalova pulu qaytarmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Təqsirləndirilən Samir Nəbiyevin sözlərinə görə, 2013-cü ildən sözügedən mağazanı işlədib. Əlikram Camalovu isə 2015-ci illərin ortalarından tanıyıb: “O, mağazamızın müştərisi idi. Məndən elektrik avadanlıqları alırdı. Münasibət də buradan yaranıb. Bir gün Əlikram Camalovun ofisinə gedərək onunla görüşdüm.

Mağazanı genişləndirmək üçün pula ehtiyacım vardı. Ona dedim ki, 18 min manat lazımdır, əgər bu məbləği versə, hər ay qazandığım puldan 2 min manat ona verəcəm. Razılaşdı və öz ofisində mənə 18 min manat verdi. İşə başlayandan sonra ilk ayda qazanc olaraq ona 1500 manat verdim”.

Samir Nəbiyev bildirib ki, 2015-ci ildə manatın devalvasiyaya uğramasından sonra maddi vəziyyəti pisləşib: “İşlə bağlı çətinliklər, problem yarandı, alış-veriş zəiflədi. Amma həmin ərəfədə də Əlikram Camalova pul verirdim. Bir gün mənə təklif etdi ki, manat günü-gündən zəifləyir, verdiyi pulu dollarla hesablayaq. Mən də razılaşdım. Hesabladıq ki, 11613 dollar edir və bundan sonra ona hər yay qazanc olaraq 1250 dollar verəcəkdim.

Sonra formal müqavilə tərtib etdik. Əlikram Camalov yaşlı adam olduğu üçün müqavilənin olunun adın bağlanmasını istədi. Bunun əhəmiyyətli bir şey olmadığnı düşünüb razılaşdım”.

Pula ehtiyacı olduğunu deyən Samir Nəbiyev Əlikram Camalovdan 2500 dollar istəyib: “Hər 10 gündən bir 700 dollar qazanc verəcəyimi dedim. O da bununla razılaşdı. 20 gün ərzində Əlikram Camalova 1500 dollar verdim. Aldığım 18 min manata görə, Əlikram Camalova 5 min manat, 2500 dollara görə isə 1500 dollar xeyir vermişəm.

2016-ci ilin fevral ayından isə tamamilə müflis oldum. Məcbur qalıb, mağazada qalan malları hissə-hissə sataraq borclu olduğum şəxslərin borcunu bağladım. Topdansatış mağazalarına da borcum var idi”.

Samir Nəbiyev bildirib ki, Əlikram Camalovun pulunu qaytarmağa çalışıb, pulun əvəzində ona elektrik malları verməyi təklif edib: “Amma Əlikram Camalov pulunu nağd şəkildə tələb etdi. 2016-cı ilin sonlarında mağazada təxminən 50 min manatlıq mal qalmışdı. Əlikram Camalova təklif etdim ki, borcunu elektrik avadanlıqları ilə qaytarım. Amma o, nağd pul tələb etdi. Mən də malların bir hissəsini borclu olduğum mağazalara qaytardım, bir hissəsini də dəyər-dəyməzinə satdım. Amma Əlikram Camalovun borcunu qaytara bilmədim”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Əlikram Camalov bildirib ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub: “Samir Nəbiyevin mağazasından alış-veriş edərək mənim etibarımı qazanıb O, məni digər müştərilərdən ayırdığını, qiymətlərdə endirim etdiyini deyirdi. Bununla da mənim etibarımı qazandı.

Bir gün ofisə gələrək, biznesini inkişaf etdirmək istədiyini, heç bir şərikinin olmadığını, banklara borclu qalmadığını dedi. Xeyli müştəri topladığını, yeni mallar almaq üçün pul lazım olduğunu dedi. Qazanca da şərik olacağımızı bildirdi. 18 min lazım idi.

Bu pulla hər ay 4 min manat qazanacağını, 2 min manatını da mənə verəcəyini dedi. Birinci ay dedi ki, işlər yaxşı deyil və 3 min manat qazanıb. Buna görə də mənə 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi”.

Növbəti proses iyunun 21-də davam edəcək.

Məlumat üçün bildirək ki, Əlikram Camalov “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir. O, Şirvan şəhəri, Salyan və Sabirabad rayonlarında məşhur iş adamı kimi tanınır.

Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.


Müəllif: Hacı Zeynalov