25 İyul 2014 17:37
523

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə keçirilib.


Teleqraf.com
-un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Onlar prokurorun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılması ilə bağlı çıxışından narazı olduqlarını bildiriblər. Hümbət Məmmədov çıxış edəndən sonra hakim qərar qəbul etmək üçün müşavirə otağına getdiklərini bəyan etdilər.
Məhkəmənin qərarı iyulun 30-da açıqlanacaq.

Ötən məhkəmə iclasında hakim bildirmişdi ki, bu gün keçirilən prosesdə qərarını açıqlayacaq. Amma qərarın açıqlanması gözlənilən kimi olmayıb.

İttihama görə, 2011-ci ilin iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq edib. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Hacı Zeynalov


Müəllif: