22 Yanvar 2018 13:26
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili İlham Əsədov çıxış edib.

O bildirib ki, qətlə yetirilən İlqar Məmmədovun hüquqi varisi, həyat yoldaşı Arzu Məmmədova onu təhqir edib. Qadın isə onu təhqir etmədiyini söyləyib.

Daha sonra şahid qismində ifadə verən Səadət İbrahimova qeyd edib ki, qətlə yetirilən şəxslə qonşu olub: “Hadisə günü onun evinin işığı yanmırdı. Heç bir səs də eşitməmişəm”.

Digər şahid Emin Mirzəyev ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən ikisi – Vüsal Rüstəmov və Qalib Kərimovu tanıyır: “Rayonda taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Kafedə Qalib mənə dedi ki, “RAF” maşınına benzin almaq lazımdır. Mən də onu apardım, yanacaqdoldurma məntəqəsindən benzin aldıq. Daha sonra onu görməmişəm”.

Şahid qismində ifadə verən Vüsalə Ağamirova istinaqa verdiyi ifadəsini təsdiq etdiyini, rayonda mağazada işlədiyini deyib: “Hadisə barədə məlumatım yoxdur. İşlədiyim mağaza rəhmətliyin yaşadığı evin yaxınlığında yerləşir. Təqsirləndirilən şəxslərdən də heç kəsi orada görməmişəm, ola da bilər ki, mağazadan nəsə alıblar. Dəqiq yadımda deyil. Mağazada təhlükəsizlik kamerası var, hadisədən sonra polislər gəlib onu götürdü”.

Məhkəmədə Vüsalə Ağamirovanın istintaqa verdiyi ifadəsi elan olunub. O dindirilən zaman qeyd edib ki, hadisədən əvvəl 25 yaşlı oğlan onun işlədiyi mağazaya daxil olub və su alıb: “Həmin şəxs mağazadakı kameraya baxıb, sonra çölə çıxdı. O, çöldə olan digər şəxslə maşına əyləşib ərazidən uzaqladı”.

Şahid istintaq zamanı yazılanlarla razı olmadığını söyləyib: “Mağazada kameraya baxan bu şəxslərdən heç biri deyildi. Yenə də deyirəm ki, həmin vaxt dəqiq yadımda deyil. Hadisədən bir müddət keçib”.

Prosesdə vəkil İlham Əsədovla zərərçəkmişin hüquqi varisi Arzu Məmmədova arasında mübahisə düşüb.

Hakim hər iki şəxsi sakitləşdirib.

İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıb və Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girib, onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.

Bundan başqa, dəstə üzvləri əvvəlcədən hazırladıqları plan üzrə İlqar Məmmədovun topdansatış mərkəzinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızıl-zinət əşyaları götürüblər.

Qətlə yetirilən İlqar Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.


Müəllif: Hacı Zeynalov