19 Aprel 2018 13:25
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tofiq Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə ötən il noyabrın 23-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində baş verib.

Həmin ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub. Qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada ata və azyaşlı qızı Mədinənin həyatını xilas etmək mümkün olmayıb.

Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib və Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov saxlanılıb.

Elan olunmuş ittiham üzrə Tofiq Qədirov özünü qismən təqsirli bilib. O, hadisə zamanı bir nəfəri gördüyünü deyib.

Daha sonra iclasda zərərçəkmişin hüquqi varisi və şahidlər ifadə verib.

Növbəti proses aprelin 25-də davam edəcək.


Müəllif: Hacı Zeynalov