26 Aprel 2018 11:16
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda voleybolçu Anjelika Morozovanı qətlə yetirməkdə ittiham olunan Qazax rayon sakini Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Namiq Vəkilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra müdafiə nitqi ilə çıxış etmək üçün təqsirləndirilən şəxsin vəkilləri Adəm Məmmədov və Namiq Hacıyevə söz verilib.

Vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Növbəti proses aprelin 30-da davam edəcək.

İttihama görə, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilovun törətdiyi müəyyən edilib. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutulub.

Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın Hövsan qəsəbəsindəki evinə gəlib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.

Anjelika Morozova tək yaşayıb, qapalı həyat tərzi sürüb. O, voleybolçu olub.

Namiq Vəkilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov