23 May 2018 11:38
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə Rahib Hüseynovun ötən iclasda məhkəməyə maddi sübut kimi təqdim etdiyi 6 qeydiyyat kitabçası araşdırılıb.

Qeydlərdən məlum olub ki, Rahib Hüseynov həmin kitabçalarda gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri yazıb.

Hakim bildirib ki, Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işləri, alınan məbləğləri qeyd edib.

Kitabçalarda adı keçən şəxslər Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə etdikləri göstərilib.

Pulların alıncağı və aylıq faizlərin verilməsinə isə Rahib Hüseynov nəzarət edib.

Kitabçada bəzi vəzifəli şəxslərin adı da qeyd olunub. Kimlərə pul verilib, kimlərdən pul alınıb, hamısı ayrı-ayrılıqda qeyd edilib.

Rahib Hüseynov ona aid olan məbləği ödəməyə razı olduğunu, amma əmlakların hədə-qorxu ilə əlindən alındığını deyib.

Növbəti proses mayın 25-də davam edəcək.

İttihama görə, Rahib Hüseynov külli miqdarda əmlakı ələ keçirib. O, zərərçəkmiş Tovuz rayon icra hakimiyyətinin başçısının oğlu Qoşqar Zeynalovun 4 milyon 300 min manat pulunu alıb və Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Bundan başqa, Rahib Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib.

Rahib Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Elan olunmuş ittiham üzrə Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib. Onun barəsində cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Emil Hüseynov 9 il cəza alıb. O, məhkəmə zalında həbs edilib

Emil Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.

Cinayət materiallarına əsasən, Emil Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Emil Hüseynov və Rahib Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Qeyd edək ki, cinayətdə adı hallanan Elnar Əsgərov Arif Əsgərovun oğludur.


Müəllif: Hacı Zeynalov