2 İyul 2015 15:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini oğurluq ittihamı üzrə təqsirli bilməyiblər.

Məhkəmə proses iyulun 10-da davam etdiriləcək.

İttiham aktına görə, təqsirləndirilən şəxslər Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovadır.

Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.

Qeyd edək ki, təqsirləndirilən Əlövsət Əliyev isə hazırda Almaniyada mühacirətdədir. Ə.Əliyev VHP sədri, deputat, xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...