27 İyul 2015 17:58

Bakı Apelyasiya Məhkəməsində vətəndaşların külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilən məktəb direktoru Şölə Gülmalıyeva, həmçinin “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi rayon filialının sabiq müdiri Rafiq Bayramov, onun müavini Süleyman Abayev, bankın əməkdaşları Rəşad Həsənov və Səlim Aslanov və 32 saylı Dövlət Notariat Kontorunun notariusu Ziyafət Mirzəyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şölə Gülmalıyeva bundan əvvəl də cinayət əməli törədib. Belə ki, Şölə Gülmalıyeva Bakının Nizami rayonundakı 61 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2500 manat məbləğində rüşvət aldığı müəyyən edilib. Törətdiyi cinayət əməllərinə görə Şölə Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, 2006-2009-cu illərdə Şölə Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında “Kapital Bank”ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilib. Vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Şölə Gülmalıyevaya verilib.

2011-ci il martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şölə Gülmalıyeva 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun 3 il müddətinə müəllimlik fəaliyyəti ilə məşğul olmasına da qadağa qoyub. Yuxarıda adları qeyd olunan digər təqsirləndirilən şəxslərin cinayət işi araşdırılarkən Şölə Gülmalıyevanın onlarla da əlbir olması məlum olub və onun barəsində yenidən cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Bayramov 3 il, Süleyman Abayev 3 il, Rəşad Həsənov 1 il 6 ay, Səlim Aslanov 1 il 6 ay 14 gün, Ziyafət Mirzəyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Ş.Gülmalıyevanın əvvəlki cəzası ilə yeni cəzasını toplamaq yolu ilə barəsində qəti olaraq 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə,Ziyafət Mirzəyevin cəzası 6 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilməyib.

Onu da qeyd edək ki, Şölə Gülmalıyevanın atası Adil Seyidov Azərbaycanın tanınmış hakimlərindən olub. O, 70-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Cəlilabad rayon Məhkəməsinin sədri, daha sonra isə Bərdə və Xaçmaz şəhər Məhkəmələrində hakim vəzifəsində çalışıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...