29 İyul 2015 16:38

Azərbaycan İslam Partiyası (AİP) noyabrda keçiriləcək parlament seçkilərinə qatılmayacaq.

Bu barədə Teleqraf.com-a partiyanın sədri Elçin Manafov deyib. O, bu qərarı partiyanın hazırlıqsız olması ilə əlaqələndirib: "Düzü, seçkilərə qatılmaq niyyətində idik. Amma hazırlıqlarımızı görə bilmədik, texniki problemlərə görə işləri çatdıra bilməyəcəyik. Bununla belə Ali Məclisdə məsələ müzakirə olunacaq, ondan sonra dəqiq qərar verəcəyik. Bəlkə də, müzakirə zamanı başqa qərar qəbul olundu".

E.Manafov əlavə edib ki, fərdi qaydada bitərəf kimi partiya üzvlərindən namizədliyini irəli sürənlər olacaq. O, özünün mandat uğrunda yarışda iştirak etməyəcəyini söyləyib.

Partiyanın üzvlərinin sayını açıqlayan E.Manafov deyib ki, əvvəlki illərdəki saya görə 60 min nəfər AİP üzvü olub: "Partiyanın rəsmi qeydiyyatı bərpa olunmayıb. Liderimiz Mövsüm Səmədov həbs olunmazdan əvvəl sənədləri Ədliyyə Nazirliyinə göndərmişdik. Gözləməyimizi məsləhət bildilər. Yeni müraciət üçün gərək qurultayımız olsun. Qurultayla bağlı isə hazırlığımız yoxdur".

2-3 ildən bir qurultay keçirildiyini deyən partiya sədrinin sözlərinə görə, texniki problemlərə görə bunu reallaşdırmaq mümkün olmayıb. O, Müsavat Partiyasında başqan dəyişikliyindən sonra yaşanan parçalanmanın rəhbərlik etdiyi İslam Partiyasında olmayacağını bildirib: "Bizdə Müsavatdakı kimi parçalanma ola bilməz. Partiyamız siyasi partiya olsa da, İslam partiyasıdır, burada iman, din də var. Bu faktorlar parçalanmanın qarşısını alar. Növbəti seçkilərdə partiya sədri kimi namizədliyimi irəli sürəcəyəm".

O, qurultayda sədrliyə çoxlu sayda iddialıların olacağını, həmçinin özünün sədrlik uğrunda mübarizə aparacağını əlavə edib.

Partiyanın maliyyələşməsinə gəlincə, E.Manafov AİP-in ianələr hesabına ayaqda durduğunu deyib: "İmkanlı şəxslər, dostlar, islamçı şəxslər, dindarlar hesabımıza pul köçürürlər. Onun hesabına partiya yaşayır".

NƏRGİZ


Müəllif:
Загрузка...