4 Noyabr 2016 17:40
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dəfə kənddə yaşayan uzaq bir qohumum mənə zəng elədi.

– Bizim uşaq imtahandan kəsilib, onun işini aşıra bilərsənmi?

– Vallah, mənlik deyil. Mən kiməm ki, iş aşıram?! Özü də imtahandan kəsilmək çox ciddi məsələdir.

– Onda öyrən gör o işə kim baxırsa danış, nə qədər pul lazımdırsa verim.

– Öyrənə bilmərəm.

– Orda nə var ki? Bir də özüm şəhərə gəlmək istəmirəm. Sənin özünə də hörmət edərəm...

– Yox, qurban olum. Mən belə şeyləri ayıb bilirəm. Həm də qorxuram.

Qohum bir az güldü, sonra təzədən soruşdu:

– Nədən qorxursan?

– Gedim kimə nə deyim? Siz allah, xatanızı məndən uzaq eləyin.

Söhbətimiz çox uzun çəkdi.

Ayrı şeylər də danışdıq.

Məlum oldu ki, fədakar valideyn ən çox ona görə narahatdır ki, uşağın imtahan məsələsi həll olunmasa əsgərlik müddəti bir il yox, bir il altı ay olacaq.

Ona görə əl-ayağa düşüblər.

Mənim bildiyimə görə tələbə imtahandan kəsilirsə təzədən bərpa eləmək mümkün deyil.

Əsgərliyə gedir, xidmətdən qayıdandan sonra təzədən imtahan verir.

Yol ancaq budur.

Dediyim qohum çox imkanlıdır, 5-6 ferması var, sürüsünün ucu dönmür.

Gözünün ağı-qarası bir oğlu var, o da savadsızın biridir.

Təsəvvür edin, fermada iki eşşəkləri var, universitetdə oxuyan uşaq onların arpasını bölə bilmir.

Pulu qoyunla hesablayır.

Məsələn, deyirsən ki, filan şeyin qiyməti on min manatdır.

Qayıdır ki, on min nə qədər qoyun eləyir?

Həmin qoyunların hesabına uşaq universitetə girdi.

Özü də iqtisadiyyat fakültəsində oxudu.

İmtahanların hamısını qoyunlarının hesabına yola verdi.

Universiteti bitirəndən sonra qoyunlar onu işə də düzəltdi.

İndi rayonların birində çox ciddi bir vəzifədə oturub.

Altında maşını, ev-eşiyi, Bakıda dörd-beş yerdə evi, villası, bağ evi...

Yaxınlarda rayona getmişdim.

Təsadüfən, həmin qohumla qarşılaşdıq.

Hal-əhvaldan sonra mənimlə məzələnməyə başladı.

– Mən səni fərli adam bilirdim, o vaxt bizim uşağın işini sənə deyəndə qorxundan şalvarını batırdın.

Bir az pərt oldum, amma özümü çox da sındırmaq istəmədim.

Gülümsəyə-gülümsəyə dedim:

– Nə bilim, vallah!


Müəllif: Kəramət Böyükçöl