5 İyul 2014 19:29
2 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Birinci yazı)

Məsələ əslində nəinki qəliz deyil, hətta çox sadədir.
Qafqazda, Xorasanda, Mesopotomiyada çeşidli etnoslar iç-içə yaşayıb, fərqli inanclar mövcud olub və zaman-zaman bu inanclardan biri bir etnosla bütünləşərək hakim qüvvəyə çevrilib.

Seçdiyimiz mövzu açısından daş dövrünə, mis çağına, tunc əyyamına, dəmirin təzəcə kəşf olunduğu minilliklərə getməyə gərək yoxdur.

İslam ortaq inanclarına çevrildikdən sonra ərəblər Xəzərə doğru yürüşlər etdi, yerli xalqları zor gücünə müsəlmanlaşdırdı, ancaq onların azadlıq arzusunu, o cümlədən dünyagörüşlərini sıradan çıxara bilmədi.
Ərəblər Xəzər sahillərinə çatanda türklər bu coğrafiyada artıq məskunlaşmış, yerli xalqlara qaynayıb-qarışmışdı, digər tərəfdən xilafət ordularında da əsas döyüşçü qüvvəsini təşkil edirdi. Elə bu səbəbdən də çox keçmədən türk boyları Misirdə, Anadoluda, Azərbaycanda və digər bölgələrdə xanədanlıqlar qurmağa, dövlət qurmağa, tarixə yön verməyə başladılar.

Tarix və məntiq sadə olsa da, bizim üçün məsələni qəlizləşdirən amillər var- ermənilərin, farsların və rusların siyasi iddiaları, ərəblərin din ixracatçılığı fonunda Azərbaycan tarixini mübahisəsiz şəkildə ortaya qoymaq mümkün deyil.

Tarixi mübahisələndirmək, əski çağların böyük şəxsiyyətlərinə sahib çıxmaq, torpaq iddialarında bulunmaq, Azərbaycanı və dövlətimizin əsas etnik varlığı olan türkləri köksüzləşdirmək, milli etiqadlarımızı batilləşdirmək yuxarıda sadaladığım qüvvələrin maraqlarından qaynaqlanıb.


Bir Azərbaycan siyasətçisinin, həm də Azərbaycana rəhbərlik etmək iddiasında olan bir siyasətçinin görəvi konyunkturaya uyğun açıqlamalar vermək deyil, əksinə, ölkəsinin və xalqının tarixini dərindən öyrənib dövlətinə qarşı aparılan ideoloji savaşda əks-həmləyə keçməkdir.

Amma çox təəssüflər olsun ki, Rəsul Quliyevin timsalında ya hansısa məqsədlər ucbatından, ya da sadəcə intellektual dayazlıq üzündən tariximizin saxtalaşdırılmasında bəzi siyasətçilər də fəal iştirak edir.
Artıq neçə gündür müzakirə olunur, yəqin, məlumatınız var, sabiq spiker Rəsul Quliyev Şah İsmayılı İran hökmdarı adlandırıb.

Bu açıqlamadan sonra istər-istəməz “doğrudanmı, İsmayıl İran Şahı idi” sualını qoymaq lazım gəlir ki, bu şübhənin özü belə, işlədəcəyim ifadədən zəndeyi-zəhləm getsə də, düşmən dəyirmanına su tökməkdir.
Odur ki, mən Rəsul Quliyevin bu tələsinə düşməyəcəm və sualı başqa cür qoyacam: Şah İsmayıl kim idi və onun sülaləsi- Səfəvilər iqtidara necə, kimlərin dəstəyi ilə gəlmişdi?

Əvvəla, ondan başlayaq ki, orta əsrlər tarixinə dünyanın indiki siyasi xəritəsi çərçivəsindən baxmaq kökündən yanlışdır. Bu gün siyasi xəritədə mövcud olan İran dövlətinin adı 1925-ci ildən sonra, Qacar xanədanını devirən Pəhləvi Rza Şahın istəyi ilə rəsmiləşib. Rza şaha qədər bugünkü İranın sərhədləri daxilində və xaricində heç bir monarx öz dövlətini “İran” adlandırmayıb.

Rza şahın önə çıxardığı fars milliyətçiliyinin tarixi baxımdan öyünə biləcəyi yeganə dövlət isə uzaq yüzilliklərdəki Sasanilərdir. İndiki farsların əcdadlarının 226-cı ildə qurduğu o dövləti tarix səhnəsindən 651-ci ildə ərəblər silmişdi. Ancaq həmin dövlət də “İran” adlanmırdı, orta əsr gələnəklərinə uyğun olaraq, hakimiyyətdəki sülalənin adı ilə identifikasiya olunmuşdu. 651-ci ildən 1925-ci ilə qədər olan 1274 illik zaman dilimində isə hazırkı İranın sərhədləri və ondan kənardakı ərazilərdə Samanilər və Buveyhilər kimi Azərbaycan coğrafiyasına təsiri az olmuş sülalələri çıxmaq şərti ilə fars kökənli elə bir ciddi xanədən hakim olmayıb. Bunun müqabilində, həmin tarixdə indiki İran sərhədlərinin Qəznəlilər, Səlcuqlar, Eldəgizlər, Elxanilər, Ağqoyunlular, Qaraqoyunlular, Əfşarlar, Qacarlar kimi oğuz, qıpçaq və moğol boylarının qurduğu azman dövlətlərin bir parçası olduğu mübahisəsiz faktdır.

Zaman 1500-ci il, məkan Ərzincan.
Etiqadca qızılbaş, etnik kökəncə xalis qanlı türk olan 7 boy- Ustaclı, Təkəli, Şamlı, Qacar, Afşar, Varsaq, Zülqədərli və Rumlu tayfaları Şeyx Heydərin oğlu İsmayılın yoluna baş qoyduqlarını açıq bəyan etdilər. Cəmi bir il sonra isə İsmayıl Təbrizdə cülus keçirdi və öz təriqət liderliyini şahlığa çevirdi.

İki il öncə-1499-cu ildə Lahicandan cəmi 7 əqidə yoldaşı (Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar) yola çıxmış 13 yaşlı İsmayıl o günə qədər Naxçıvanda Əlvənd Mirzəni məğlub etmiş, qan düşməni Fərrux Yasarın başını kəsmiş, onun oğlu Qazı bəydən isə Bakını almışdı.

Rəsul Quliyevin bilmədiyi, anlamadığı bir şey var, ən yaxın silahdaşları türk, ordusu türk, anası türk, danışıq, idarəçilik, şeir dili türk, paytaxt seçdiyi şəhər 1410-cu ildən sonra (əvvəlki zamanlara heç vaxt ayırmayaq) türk xanədanlarının baş kəndi Təbriz olan Şah İsmayıl fars şahı, ari şahı deyildi, arilərin də Şahı idi. Şah İsmayılın qurduğu, hələ təzə elan edildiyi çağlarda sərhədləri 3,3 milyon kvadrat kilometr olan dövlətin tarixi, milli-mənəvi baxımdan varisi də bugünkü İran deyil, Azərbaycan dövlətidir.

Şah İsmayılın ulu babası Şeyx Səfiəddin 1252-ci ildə Ərdəbil yaxınlığındakı Gəlhuran kəndində anadan olmuşdu. Həddi-büluğa çatdığı çağ dörd il boyunca özünə mürşüd axtarmış, nəhayət, Gilan əyalətinə vararaq dövrün məşhur ilahiyyatçısı Şeyx Zahidin müridi olmuş, qızı Bibi Fatimə ilə evlənmişdi. Ustadı və qayınatası vəfat etdikdən sonra onun yaratdığı zahidiyyə təriqətinin başına keçmişdi. Daha sonra Ərdəbilə qayıdan Şeyx burada öz təkkəsini qurmuşdu.

Şeyx Səfiəddinin fars olmadığı dəqiqdir, onun etnik mənsubiyyətinin farslara bağlanması üçün tarixdə heç bir ipucu yoxdur. Onun ölümündən sonra yazılmış və orijinalı günümüzə çatmayan “Saffetüs Səfa” adlı qaynağın müxtəlif şəxslər tərəfindən üzü köçürülmüş ilk iki nüsxəsindən birində Şeyxin yeddinci babasının kürd olduğu söylənilir, digərində isə şəcərəsi imam Əliyə qədər uzadılır. Ancaq dərindən saf-çürük edildiyində bu iddiaların heç biri özünü doğrultmur. Elə həmin qaynaqda Şeyx Zahidin öz müridinə və gələcək varisinə “Piri-Türk” deyə xitab etdiyi vurğulanır.

Ancaq uzaq əcdadın ərəb və ya kürd olması belə Şeyx Səfiəddinin qurduğu Səfəviyyə təkkəsində danışıq dilinin və əsas bazasının türk olması reallığını dəyişdirmir. Səfəvi təriqəti Şah İsmayılın babası Şeyx Cüneydin zamanından siyasi iddialarla çıxış etməyə başlayır. Şeyx Cüneyd Uzun Həsənin bacısını, onun oğlu Şeyx Heydər isə Uzun Həsənin qızını almaqla təriqətdən dövlətə doğru atdığı addımlarda siyasi dayaqlarını türklərdən almışdı. Məhz Ağqoyunlu dövlətinin qoynundan çıxdığı üçün Səfəviləri İran və ya fars dövləti adlandırmaq bağışlanmaz səhvdir. Yalnız diplomatik yazışmalarının bir hissəsi farsca olan Şah İsmayılın fars və ərəb dilini anasının onu təqiblərdən qorumaq üçün apardığı Lahicanda Mövlanə Şəmsəddindən öyrənməsini də bu məqamda yada salmağa xüsusi gərək var.


Müəllif: Taleh Şahsuvarlı