18 Avqust 2017 16:59
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixologiyada "pratfall effekt" anlayışı var, bir il əvvəl bu haqda yazmışdım. Tutaq ki, bir insan istedadlıdı, gözəldi, məharətlidi, qorxmazdı... məhz bu kimi üstünlüklərinə görə cəmiyyət tərəfindən sevilirsə, onun hər hansı bir xəta (hətta bu, qətl belə ola bilər) törətməsi onu sevən cəmiyyət tərəfindən nə təkcə rahatlıqla qəbul olunur, bəzən cəmiyyət onun müdafiəsinə belə qalxır. Yəni bu bir reallıqdı, istəsək də, istəməsək də belədi.

Misallarla danışım. Tutalım, argentinalı futbolçu Leo Messi bir qətl törətsə, onu müdafiə edən milyonlarla insan tapılacaq və onların çoxu heç də savadsız, cahil kütlə deyil, Nitşenin təbirincə desək, üst insan - Qərb insanı olacaq. Və ya misal üçün, tutalım, böyük yazıçı Tolstoy tarixdə hər hansı bir eybəcərlik edib, cəmiyyət bu eybəcərliyi bir başqasından görsə, əsla əfv etməzdi, amma bir yol tapıb məhz Tolstoyun xətasını görməzdən gələ bilir: "ona dəyməyin, əsas odur ki, gözəl yazır" deyir. Xalq bəzən belə də deyir: Əsas odur ki, yaraşıqlıdır, əsas odur ki, istedadlıdır, əsas odur ki, xalqın dərdinə dəyir, əsas odur ki, əsl kişidir və s.

Xalqın qəlbi həmişə tam ədalətli ola bilmir - elə hamımızın qəlbi kimi.

Başqa bir yandan, deyirlər, dörd xəta bir doğrunu silir axı, bəs min doğru necə, bir xətanı silə bilirmi? Və ya min həyat (bəxş etmə) bir qətli?

Üstəlik, biz beləyik, ürəyimiz istəyib, etməyə hünərimiz çatmadığı şeyi bir başqasının etdiyini görəndə bizdə o adama qarşı gizli rəğbət, dərin sayqı formalaşır - bunu ona bildirməsək belə. Bu sevgi də, "pratfall effekt" kimi, bizdən asılı olan şey deyil, hamısı başı batmış təhtəl-şüurumuzun oyunlarıdır.

Tutaq ki, məhkəmədəyik, atamızı haqsızca, vəhşicə qətlə yetiriblər, üstəlik, məhkəmə də durub arsız-arsız qatilə bəraət verməyə hazırlaşır, məhz bu məqamda məhkəmədə olan hansımızın qəlbindən atamızın qatilini tutub boğmaq, parçalamaq keçmir ki? Amma hünərimiz... çatmayan bircə o olur. Bir başqasının bizim hünərimizin çatmadığı şeyi rahatlıqla etdiyini görəndə (eşidəndə) bizdə ona gizli rəğbət formalaşır. Məncə, mərhum Caniyev sevgisinin kökündə bir az da bu kimi məsələlər dayanır.

Və məncə, xalq "oğru"nu, "vor"u, "bandit"i deyil, məhz Canıyevi sevir, və bu xüsusi sevgiyə özü üçün haqlı səbəbləri də var. Elin gözü bütün hallarda tərəzidir, el "oğru"nu sevə bilməz, sadəlövh olmayaq, demək, Canıyevdə "oğruluğu"nu kölgədə qoyan nəsə var, nəsə üst bir şey, ali bir dəyər. Amma nə? Əslində, bu şiddətli sevginin daha dərin qatlarını açmaq olardı - yenə də məşhur fizik Mitio Kakunun "mağara insan" prnsipi əsasında, amma hələlik qalsın.

Canıyev bu xalq üçün nə edib? Gerçəkdən də, nə edib? Nə yazıq ki, aslanlar yaşadıqları cəngəlliklərdə etdikləri qeyri-adiliklər haqda yaza (danışa) bilmir və biz onların hekayələrini ovçuların dilindən eşitməyə məcbur oluruq. Belə baxanda, niyə yazıq olsun ki, elə belə yaxşıdı, belə də olmalıdı. Və məncə, aslanlar danışmağı bacarsaydı, bu qədər heybətli, əzəmətli görünməzdilər də. Düzünü deyirəm, nitq qabiliyyəti insana həmişə başıucalıq gətirmir.

Təəccüblənən yoldaşlar, biz həyatı belə, onun çirkin üzünü göz ardına vuraraq sevmirikmi?

Təbii, qəhrəman varsa, onun haqqında mübaliğələr də, olmazın miflər də olacaq, Qaçaq Nəbini, arabada onun üzünə deyilən mifi və Nəbinin buna şaqqanaq çəkib gülməsini xatırlayın, fəqət gəlin razılaşaq ki, heç bir mif "mütləq gop" əsasında yaradıla bilməz, onu yaradıb yaşadan bir çimdik belə olsa, həqiqət payı hökmən var!

Narahatlıqlarınızı anlayıram. Qanun ali olmalıdır, məhkəmələr ədalətli işləməlidir... bu "malıdır, məlidir" tipli az qala utopik arzulardan nə qədər desən eləmək olar, amma reallıq budur ki, belə deyil - hələ ki belə deyil. Belə deyilsə... çarəsizlikdən (acından ölməyəsən deyə) donuz əti yemək belə icazəli olmurmu?

Qanunlar işləyəndə "qanun oğruları" hamısı onsuz da öz-özünə yox olub gedəcək. Quranın dediyi kimi, haqq gəldi, batil getməyə məhkumdur.

Qanunun aliliyi, məhkəmələrin ədalətli işlədiyi bir düzən arzularıyla, mən sadəcə yaza-yaza düşünürdüm...

Gəlin birlikdə düşünək.


Müəllif: İlqar Kamil