24 Oktyabr 11:44
376

Atamın canı üçün ürəyim elə sıxılır ki... Nə bilim, səbəbi yoxdur. Məsələn, saçlarım ürəyimi sıxmağa başlayanda salona getdim, onları qayçılatdım. Heç uf da demədim. Rahat oldum. Sonra hiss elədim ki, daha şalvar geyinmək istəmirəm. Ona görə şalvarlarımın hamısını qatlayıb şkafımın əlim çatmayan rəflərinə yığdım. Özümə təzə ətəklər aldım. Hamısı da uzun – topuqdan!

Dabansız ayaqqabılarımı bir selofana yığıb bükdüm, hayana atdım, xəbərim yoxdur. Özümə ən hündür dabanlı ayaqqabılardan aldım. Üstündə gəzə bilmirəm, hərdən büdrəyib yıxılıram, barmaqlarımın dərisi soyulur, qanayır. Bu isə xoşuma gəlir. Əziyyətlə yerimək gözəldir. Bir yer axtarıb oturmaq, ayaqlarını dincəltmək istəyirsən, amma olmaz, yerimək lazımdır, beş metr daha, on metr daha... Avtobusda, metroda ayaq üstə dayanmalısan, oturmağa yer yoxdur, uzaqbaşı ayağının birini azacıq rahat buraxıb dincələ bilərsən. Baxırsan, gülümsəyirsən, düşünürsən, saata baxırsan, amma fikrin ayaqlarındadır. Onlar inciyir və sən heç cür kömək edə bilmirsən. Bu zaman hiss edirsən ki, elə sənin həyatın da ayaq barmaqların kimidir. Həyatının da dərisi soyulur, qanayır, əzilir... Amma sən durmursan, dayanmırsan, gedirsən, getməyə məcbursan. Baxırsan ki, ürəyin sıxılır.

“Tezliklə qayıdacaq!” Atam canı, bu cümlə yadıma düşəndə ürəyim elə sıxılır... “Yadıma düşəndə” deyəndə ki, heç yadımdan çıxır ki? Bu sözlər atamın mənə göndərdiyi açıqcanın üstündə yazılmışdı. Orda bir sarı saçlı qız da vardı, üzü dənizə baxırdı, dənizin uzaqlarından qayıq yaxınlaşırdı. Bilmirdin ki, qız qayığı qarşılayır, yoxsa yola salır. Bilmirdin ki, qız ağlayır, yoxsa sevinir. Açıqcanın üstündəki qızın üzünü görə bilməmək ürəyimi elə sıxırdı. Özümü inandırırdım ki, o qızın üzünü bir gün mütləq görəcəm. Görə bilmədim. Amma indilərdə əminəm ki, qız sevinmirmiş. Heç ağlamırmış da! Sadəcə, heç nə hiss etmirmiş. Məncə, onun da ürəyi sıxılır və qayıqdan zəhləsi gedirmiş.

Tezliklə qayıdacaq! Özümə bolluca şərflər almışam. Şərflərimin hamısı əl qalınlığındadır. Onlar olmasa çox üşüyərəm. Gah çiynimə atıram, gah saçlarıma taxıram, gah başıma ötrük edirəm, gah da boynuma dolayıram... Atamın canı üçün, ürəyim elə sıxılır. Anamın bişirdiyi paxlavalar könlümə düşür, bacımın səsi könlümə düşür, atam könlümə düşür. Darıxıram...

Başımın qarışıq vaxtında isə məsələn, universitetdə dərs danışmalı olduğum an, işdə müsahibə köçürdüyüm vaxt fikrim dəyişir. Qəfildən oğlumun yanına gedirəm. Onu qucaqlayıram, öpürəm. Daha ürəyim sıxılmır. Yoldaşıma zəng edirəm, deyirəm, nə olar, evə tez gəl, dama oynayarıq. O da tez gəlir, beləcə dama yaddan çıxır, oğlumuzla oynayırıq. Deyirsən, gülürsən, əldən düşürsən, yuxu səni aparır... Oğlumun canı üçün, daha ürəyim sıxılmır.


Müəllif: Çinarə Böyükçöl