5 Aprel 10:41

Misralar beynimdə titrəşdi. Hansından başlayım? Lap elə hamısını da yazmaq olar.

“Tut dibi qarışqadı...”

“Ümidim şəhəri,

Mənim olmazsan, yıxaram səni...”

“Üz tutub yüyürməyin mənə sarı,

Bağlanıb gözümün yaş qapaqları...”

“Nə dayanmısan tənha ulduzun altında, a zalım,

Xoşbəxtlik yoxdu gözəl oğlanlara, gözəl qızlara,

Ürəkdən-könüldən gələn sözlərə...”

“Sən mənim ömrümdə

bu yağan qar kimi əriyəcəksən,

mən də sənin könlündə eləcə, könül,

ancaq elə bilmə, elə düşünmə

sevgilər yox olur, sevgilər ölür...”

Və bir də:

“Bacılı, bacılı,

Yıxammaz məni bu acı...”

Vaqif Bayatlınındı... Ustadım, şeyxim, mürşidim. Elə bilirəm dünəndi, 1990-cı ilin toran axşamında Nərimanov metrosundan Montinə gedən sarı-uzun 106 nömrəli avtobusa tərəf qaçdım. Hər qaraltıya dayanıb sərnişin yığan, tənbəl-tənbəl yerindən tərpənib son dayanacağına sürünən avtobus bu dəfə qapılarını qəfildən bağlayıb yerindən necə götürüldüsə bir az utandım, bir az da incidim. Qıraqdan baxanlara narazılığımı nümayiş elətdirirmiş kimi deyinə-deyinə geri dönəndə qoluma tale kimi beş barmaq yapışdı. Qolumu sıxma, qolumu sıxma... Vaqif Bayatlıydı. Həmin axşam mənə dedi: “Nəyin var, yığ gətir, “Xəzər” jurnalında çap eləyək. Ön söz də yaz. Nə istəyirsən, yaz, heç nəyə əl vurmayacağıq”.

Jurnal içində kitab belə meydana çıxdı. 17 şeir və önsöz...

***

Vaqif Bayatlı onda Vaqif Cəbrayılzadə imzasındaydı. İlk dəfə şeirlərini orta məktəbdə oxuyub havalanmışdım.

“...Nə biləsən ki, anam,

Bu dünyada gülən başqa,

ağlayanlar başqadı...”

Vaqif müəllimin Cəbrayıldan olduğunu bilirdim. Uzun illər nəinki qarşıma çıxan bütün cəbrayıllıları sevdim, hətta “c” səsini eşidəndə, hərfini görəndə içimdən bir ehtiram, bəlkə də şeir axdı.

Uzun zaman mən öz fiziki varlığımla Vaqif müəllimin bu şeirinin içinə sığındım, bir vücud kimi o misraların arasına girib gizləndim:

“Dilərəm tanrıdan qəlbə dəyməyən,

Uduzub yorulan, udub doymayan,

Ağlaya-ağlaya top-top oynayan,

Qardaşımın üzü köməyim olsun...”

Bu şeir yazılmsaydı, mən onu oxumasaydım, əlbəttə, həyat mənimçün indikindən xeyli çətin keçərdi.

***

Bu günlərdə həyat yoldaşı Tamam xanım Bayatlıya zəng vurub Vaqif müəllimi soruşdum. Onu ziyarət eləmək istəyirdim, düzü.

Tamam xanım şairin hazırkı vəziyyətdə heç kimlə görüşə bilməyəcəyini, amma imkan düşən kimi mənim ziyarətimə şərait yaradacığını söylədi. “Evdədi, şükür, özü-özünü müdafiə edir. Türkiyədə beynindən əməliyyat olundu, yaxşıdı. İndi də ürəyindən əməliyyat gözlənilir. İnşallah, babatlaşan kimi xəbər edəcəm...”

...Bir dəfə televizoru açdım, o zamankı Xarici Dillər İnstitutunda (indiki Dillər Universiteti) şairlərlə görüş gedirdi. Belə verilişləri, adətən, axşamlar verirdilər, bu dəfə gündüzüydü, daha bir təsadüfün günəşli gündüzü. Vaqif müəllimə söz veriləndə bir müqəddimə eləyib həmin məşhur şeiri oxudu.

Dedi, həmişə şairlər gözəllərin vəfasızlığından yazıb, mən şairlərin vəfasızlığından şeir oxuyacam.

Son bənd belədi:

“Eşqə düşən canın üzər,

Son gününü tənha gəzər.

Kimə inanırsan inan,

Şairə inanma, gözəl,

Tək qalarsan, bu dünyada...”

Sonradan bildim ki, Vaqif müəllim Tamam xanımla o institutda tanış olub evlənib. Bəlkə bu şeir oxunanda Tamam xanım salonda oturubmuş?.. Bəs bu nə qəribə xəbərdarlıqmış?

Amma heç biri vəfasız çıxmadı.

***

Vaqif Bayatlı, şeyxim, qoy zaman ötsün, ürəyin düzəlsin, izin verərsən, ziyarətinə gəlib “Mən yoxam” kitabımı verib soruşaram: Kim də bilməsə, kim də görməsə, sən görürsən ki, mən varam, elə deyilmi?

Onda susmazsan, Ustad.


Müəllif: Qurban Yaquboğlu
Загрузка...