29 Aprel 2014 12:12
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terminoloji açıqlama

"Avtomatizm" özü edən, özü törədən anlamını verir. İnsanın nəyisə avtomatik etməsi, deməsi odur ki, bu davranışlarında bilinc (şüur), istəm (iradə, yəni istəyib etmək təpəri) iştirak etmir. İnsanın qeyri-ixtiyari, yəni bilincsiz olaraq nəyisə etməsinə "avtomatik etmək" deyirlər.

Onu da söyləyim ki, insanın iş-gücündə avtomatizmə yetməsi (nail olması) böyük yetənəkdir (nailiyyətdir). Bütün rəqqaslar, çalğıçılar, Kon-fu döyüşçüləri və başqa döyüşçülər eyləmlərində avtomatizmə çatanda ustad olurlar. Çalğını necə avtomatizmə çevirmək olur? Öncə öyrənəndə barmaqlarını bilincdən gələn komandalar idarə edir: filan barmağını filan dilə bas, indi o birsinə... Öyrənən min dəfə bunu edəndən sonra avtomatizmə yetişir. Yəni işini şüur, bilinc yox, bədənin, barmaqların özü edir. Bilinc edəndə bilincdən dolanıb gəlmək, yəni dolayısılıq yaranır. Deməli, məsafə uzanır. Kon-fu ustası isə o kəsdir ki, üstünə gələn yumruqlara, təpiklərə bədənin özü cavab verir. Yəni reaksiya bilincdən başlamır, şüuru başa demir ki, yumruq gəlir, onu qolunla yayındır. Qol özü avtomatik olaraq yayındırır.

Oyunun önəmi haqqında yeni söz

Avtomatizmin əldə edilməsində məşqlərin rolu əvəzsizdir. Məşqlər elə edir ki, adam yumruq, təpik atmağı, barmaqları dillərdə gəzdirməyi min dəfə edir ki, avtomatizmə çatsın. Bax, bu məsələ mənə oyunların mədəniyyətdə bir önəmini açdı. Oyunların dünya olaylarının modeli olmasını bütün savadlı adamlar bilir. Şahmat savaşın modelidir, kart, nərd təsadüflərlə baş verən proseslərin modelidir və s. Ancaq oyunlarla ilgili indi söyləyəcəyim düşüncəni heç yerdə oxumamışam:

OYUNLARIN BİR BÖYÜK ÖNƏMİ ODUR Kİ, NƏDƏSƏ AVTOMATİZMƏ ÇATMAQ ÜÇÜN MİN DƏFƏ ETMƏLİ OLACAĞIN HƏRƏKƏTLƏRİ DARIXA-DARIXA YOX, LƏZZƏT ALA-ALA EDİRSƏN.

Belə yanaşanda mədəniyyətləri avtomatizmə çatmaq üçün necə oyunlar qurmaq baxımından tutuşdurub geriyə, irəliyə qoymaq olar. Çin kültürü və onun etgisi ilə yapon kültürü döyüş avtomatizmini əldə etmək üçün məşqləri oyuna çevirməkdə bizdən qat-qat irəlidə olub. Düzdür, bəziləri araşdırıb ki, Kon-fuda müsəlman uyğurların böyük payı olub. Ancaq mən məşqlər və oyunlar instruksiyası olan əlyazmaları bizim tariximizdə görməmişəm. Necə çomağı vurmağın, necə qılıncla çapmağın yazılı instruksiyasını görməmişəm. Ancaq hər halda necə çertyojla tikmək əlyazması Ortaçağ milli memarlığımızda olub.
Şairlərin deyişməsi, hətta dodaqdəyməz şeirlər üzrə yarış Azərbaycanda geniş yayılmışdı. Meyxana yarışları isə bədahətən söz demək ustalığını avtomatizmə çatdırmaq üçün çox təsirli oyun icadı olmuşdu.

Sənətdə avtomatizm və deavtomtizasiya

Estetikada bu iki termini işə Yuri Lotman adında ünlü alim salıb. O göstərirdi ki, incəsənətdə bir çox ardıcıllıqlar, məsələn, sevəndə hansı duyğularla duyğulanmaq, qorxanda hansı mimikalarla niqablanmaq avtomatizmə gətirir. Detektiv janrının belə bir avtomatizmi var: axırda qatil ən az şübhələnən adam çıxır. Beləcə, bədii tekstdə avtomatizm gözlənməzliyin minimuma, alışqanlığın maksimuma çatmasından törənir. Teksti yapan alışqanlığı pozan gedişlər edən kimi deavtomatizm yaranır və alışqanlıq azalır. Türkiyədə qaradənizlilərin ləhcəsi, Azərbaycanda şəkililərin danışığı doğma dilin avtomatizmini deavtomatlaşdırır.

Deməli, doğma dillə ilgili ciddi bir problem var: avtomatizmə görə biz danışığımızın səsini eşitmirik. Ona görə də dilimizin fonetik, səs ləzzətini duymuruq. Nədən azərilər Anadolu türkcəsinin səslənməsindən həzz alırlar? Ona görə ki, tələffüz fərqi deavtomatizm yaradır və türkcənin səs musiqisini eşidirsən. Güman etmək olar ki, oxşar olaraq Anadolu türkləri də bizim dilimizdən ləzzət alırlar.
Bəs nə zaman öz dilimizin səsini eşidib dəyərləndirə bilrik? Bunu bizim üçün şeirlər edir. Şairlərin, özəlliklə, istedadlı şairlərin mədəniyyət qarşısında xidməti odur ki, poetik vasitələrlə deavtomatizasiya yaradıb dilimizin musiqisini özümüzə eşitdirə bilirlər. Öz dilinə sevginin yaranması üçünsə bu, çox vacibdir.


Müəllif: Niyazi Mehdi