3 May 2014 18:00
925

Aylar ötdü, il dolandı. Payızdan çıxdıq, qışı da yola salıb yazı qarşıladıq. Otlar cücərdi, güllər-çiçəklər açdı, bütün təbiət donunu dəyişdi.

Balacalar böyüdü, böyüklər qocaldı. Təzələr köhnəldi, köhnələr təzələrlə əvəzləndi. Zamanın, günün reallığına uyğun olaraq hər şeyin dəyişdiyi bir dönəmdə dəyişməyən bircə şey oldu Azərbaycan futbolunda. O da "Xəzər Lənkəran" adlı klub...

Üç il üst-üstə çempion olan "Neftçi" bu il baş mükafatdan uzaq düşdü. "Qarabağ" hər dəfə son anda əlindən qaçırdığı çempionluğa bu il heç olmadığı qədər yaxınlaşdı. Komandaların hədəfləri dəyişdi. Ancaq "Xəzər Lənkəran" yenə dəyişmədi ki, dəyişmədi.

Vaqif Cavadov bu il "İnter"də həyatının və karyerasının ikinci baharını yaşadı, Reynaldo ölkəmizdə oynadığı ilk ildəcə özündən söz etdirməyi bacardı, ən yaxşı bombardir oldu. Mahir Şükürov bir az da çılğınlaşdı. Kamran Ağayev klubuyla vidalaşdı. Klublar əsas simalarını dəyişdilər. Ancaq "Xəzər Lənkəran"ın oyunçuları yaxşılığa doğru dəyişmədi ki, dəyişmədi.

Böyükağa Hacıyev fikrini dəyişdi, istefa verdiyi komandaya yenidən qayıtdı, autsayder "Rəvan" hədəfini dəyişdi, kubokda yarımfinal oynadı, "Bakı" klubu ümumiyyətlə, imicini dəyişdi, ancaq "XəzərLənkəran" dəyişmədi ki, dəyişmədi.

"Rəvan" bu müddətdə orta hesabla beş məşqçi dəyişdirdi. "Neftçi" üç, AZAL isə bir baş məşqçini sınaqdan çıxardı. "Xəzər Lənkəran" da bu sıradan geri qalmadı. Bir dəyişiklik də onlar elədilər. Ancaq yenə də dəyişən bir şey olmadı.

AFFA bir mövsüm ərzində dörd-beş dəfə qərar dəyişdirdi, bir neçə dəfə reqlamentə əl gəzdirdi. Düşəcək, çıxacaq komandaların sayını dəyişdirdi. Legioner limitini dəyişdirdilər. Ancaq "Xəzər Lənkəran"da yenə heç nə dəyişmədi.

Hətta milli komandamız FİFA-nın reytinq cədvəlində yaxşılığa doğru yerini dəyişdirdi, həm də bir oyun belə keçirmədən 6 pillə irəlilədi. Baş məşqçimiz Berti Foqts işini dəyişdirdi, tam olaraq dəyişməsə də, hər halda əlavə iş tapdı özünə.

Hətta Avro-2016-nın püşkü atılmamışdan qabaq qarşısına qrupdan çıxmaq vəzifəsi qoyan və bu barədə söz də verən Foqts püşkatmadan sonra fikrini dəyişdirdi. Verdiyi sözü yadına saldıq, sözünü dəyişdirdi. Ancaq "Xəzər Lənkəran"da yenə heç nə dəyişmədi.

İş gəldi o yerə çatdı ki, "Xəzər Lənkəran" baş məşqçisini dəyişdi. Dünyaca məşhur Toşaka bir vedrə də bağlayıb yola saldılar, ondan bir azca az şöhrətli Mustafa Dənizli gətirildi. Bir xeyli oyunçular dəyişdirildi. Texniki heyət dəyişdi. İnanmayacaqsınız bilirəm, ancaq "Xəzər Lənkəran"da yenə də heç nə dəyişmədi.

Mövsümün əvvəlində Toşakı alqışlayan, sonra istefaya səsləyən, daha sonra Mustafa Dənizlini dağların başına qaldırıb, sonra istefasını tələb eləyən, fədakar, cəfakar Lənkəran azarkeşləri fikirlərini dəyişdilər. Həm də bir neçə dəfə. "Xəzər Lənkəran"da isə dəyişən bir şey yox idi.

Yenə eyni nəticə(sizlik)lər, yenə məğlubiyyətlər, hədəflərdən uzaq düşmələr. Bir sözlə, bu komanda dəyişmədi. Bu il yaranmasının on illiyini qeyd eləyən klubda nə yazıq ki, yaxşı heç nə görmək mümkün deyil.

Çünki bu komandada rəhbərlik dəyişmədi. Rəhbərlik dəyişmədiyinə görə neçə oyunçu, neçə məşqçi dəyişməyin nə faydası var ki?

Azarkeşlərin dilində yenə Rednik şüarlarıdır. Guya rumın mütəxəssis nəyisə dəyişə biləcəkdi ki?


Müəllif: Zaur Xudiyev