28 Fevral 2015 11:29
5 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu prosesin hansı meyarlara əsaslanacağı məlum deyil

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bir müddət əvvəl monitorinq və buraxılış imtahanlarında, həmçinin jurnalistika ixtisasına qəbulda yazı işlərini yoxlayan markerlərin hazırlanacağını bildirmişdi. TQDK sədrinin sözlərinə görə, həm beynəlxalq miqyasda, həm də müxtəlif ölkələrin təcrübəsində şagird nailiyyətlərinin yazı işləri vasitəsilə qiymətləndirilməsindən geniş istifadə olunur.

TQDK sədri hesab edir ki, bu, bir tərəfdən şagirdlərin bilik və bacarıqları, eləcə də aldıqları təlimin nəticələri haqqında etibarlı məlumat əldə edilməsi, digər tərəfdən isə əldə olunan məlumatlar əsasında təhsil sahəsində müxtəlif istiqamətlərdə müsbət dəyişikliklərə nail olunması baxımından əhəmiyyətlidir.

Yeni mexanizmə uyğun markerlər

TQDK sədrinin bildirdiyinə görə, yazı işlərinin yoxlanılması prosesinə son iki il ərzində 5740 müəllim marker qismində dəvət olunub. Bu il yanvarın 28-nə olan məlumata görə, onlardan 875-i, fevralın 6-da isə 910-u kalibrləmə (seçim) mərhələsini uğurla keçiblər. Məleykə Abbaszadənin fikrincə, yazılı imtahanların markerlər vasitəsilə yoxlanması təhsil strategiyasında nəzərdə tutulan əsas hədəflərdən birinə –təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinə uyğun olmalıdır.

İmtahan nəticələrini ev şəraitində yoxla, əməkhaqqı al

Bu tədris ilində kurikulumun VII sinifdən tətbiq edildiyini vurğulayan TQDK sədri iki ildən sonra markerlərin IX sinifdə buraxılış imtahanlarını da yoxlayacağını bildirdi və qeyd etdi ki, bu imtahanlarda 100 min şagird iştirak edəcək. Onların yazılı imtahan tapşırıqlarını yoxlamaq üçün 10 min marker-müəllimə ehtiyac olacaq.

Məleykə Abbaszadənin sözlərinə görə, gələcəkdə markerlər derslik.edu.az portalından qeydiyyatdan keçməklə buraxılış imtahanlarında yazı işlərini ev şəraitində də yoxlaya biləcəklər. TQDK sədri hesab edir ki, 10 min müəllimin ev şəraitində işləməsi həm də kodlaşdırılımış yazı işlərinin obyektiv yoxlanması baxımından əlverişlidir. Yazı işi yoxlayan markerlərə maaş da nəzərdə tutulacaq. Daha çox yazı işini nəzarətdən keçirən marker daha artıq pul alacaq.

Gələn il 5-ci siniflərdə təkcə Azərbaycan dili və riyaziyyatdan deyil, digər fənlərdən də monitorinq imtahanı keçiriləcəyini vurğulayan Məleykə Abbaszadə bu prosesdə müəllimlərin aktivlik göstərməli olduğunu söylədi.

Bəs 10 min markerin 2 il ərzində hazırlanması, ehtiyacın ödənməsi necə mümkün olacaq? Əgər 2 il ərzində 5740 müəllim arasından 1000 marker seçmək mümkün olmayıbsa, növbəti 2 ilə 9 min marker necə müəyyənləşəcək? Məleykə Abbaszadənin sözlərinə görə, əvvəlki illərlə müqayisədə proses sürətlənir. Digər tərəfdən, bu proseslərdə iştirak üçün hər 4 fəndən – riyaziyyat, Azərbaycan dili, ingilis dili və kimyadan 10 min müəllim yox, ayrı-ayrılıqda 3-4 min marker hazırlansa yetərlidir: “Təhsil Nazirliyi ilə bu barədə danışıqlar aparılıb. Güman edirəm ki, biz bu işin öhdəsindən gələcəyik”.

Marker hazırlayan peşəkar kadr varmı?

Markerlər necə hazırlanacaq, onları hazırlayacaq peşəkar təlimçilər necə varmı? TQDK-dan bizə cavab verildi ki, markerlərin hansı meyarlar əsasında hazırlanmasının hələlik konkret variantı yoxdur və bunun üzərində iş gedir.

Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin rəhbəri, Pedaqoji Universitetin dosenti Fəxrəddin Yusifovun sözlərinə görə, markerlərin hazırlanması istiqamətində ilk növbədə peşəkar təlimçilərə ehtiyac var. Digər tərəfdən, markerlərin iş prinsipinin hansı meyarlar əsasında müəyyənləşməsi önəmlidir: “Sovet dönəmində bir abituriyentin nümunəvi hesab edilən yazısı müxtəlif təbəqəli 100 ziyalıya yoxlama üçün verilmişdi. Yazı işi “2” və “5” qiymətləri də daxil olmaqla müxtəlif dərəcələndirmələrə layiq görülmüşdü. “2” yazanlar daha çox idi, “5” yazanlar isə daha az.

Beləliklə, maraqlı bir sual qaldırılmışdı: müəllimlər yazı işinin qiymətləndirilməsinə hansı ölçü ilə yanaşmalıdır? Əgər marker kimi 5-10 min müəllim hazırlanacaqsa, burada Təhsil Nazirliyi ilə TQDK arasında intensiv iş getməldir. Onların hansı meyarlarla hazırlanması barədə ictimai müzakirələr, böyük debatlar, geniş diskussiyalar aparılmalıdır və sonda yekun qərar verilməlidir. Əgər müəllimin savadı əsas götürüləcəksə, hansı müəllim savadlı hesab edilir, bunun meyarı məlum deyil. Bu məsələdə həm də qabaqcıl dünya təcrübəsi öyrənilməli və yerli şəraitə uyğunlaşdırılmalıdır. Ümumi ölçülər imtahan verəcək şagird və abituriyentlər üçün sadə dildə açıqlanmalıdır”.

Ənənəvi qaydalar da dayanıqlı deyil

Fəxrəddin Yusifov bildirdi ki, yazı işlərində ənənəvi qaydalara görə şagirdin savad səviyyəsi, yazı qabiliyyəti, fikrini izah etmək bacarığı, elmi və üslubi baxımından göstəriciləri əsas götürülür. Amma bu meyarlar da kifayət qədər dayanıqlı deyil: “Məsələn, orfoqrafik səhv olduqda müəllim digər şərtlərə əməl olunduğunu görüb, şagirdi yüksək qiymətləndirə bilir. Ona görə də markerlər üçün qiymətləndirmə meyarının düzgün seçilməsi vacib amildir”.

Qeyd edək ki, Məleykə Abbaszadə bildirmişdi ki, öz biliyinə güvənən jurnalistlər, qeyri-ixtisas müəllimləri də bu prosesdə iştirak edə bilər. Bu şərtlə ki, Təhsil Nazirliyinin kurikulum kurslarında iştirak etsinlər və yeni texnalogiyalardan istifadə bacarğına malik olsunlar.

Repetitorluq edən müəllim prosesə necə cəlb olunacaq?

Marker hazırlanması prosesini sadə məsələ hesab etməyən Fəxrəddin Yusifov bu prosesdə problemlər yaranacağını güman edir: “Müəllim bütün günü dərs keçir, onu hansı vaxtlarda hazırlıq prosesinə cəlb etmək olar? Savadlı müəllimlərin əksəriyyəti həm də repetitorluq fəaliyyəti ilə məşğul olur. Onları prosesə cəlb etmək üçün necə maraqlandırmaq olar? Digər tərəfdən, kurikulum kurslarından keçənlər bu təlimləri mənimsəyə nə qədər cavab verirlər?

Çox təəssüf ki, bizdə fənn kirikulumları olmadan kurikulum islahatları aparıldı. Standartlar olsa da, kurikulum sənədi, qiymətləndirmə meyarları və strategiya hazırlanmış bütün fənlər üzrə kurikulum islahatı həyata keçirmək uğurlu nəticə vermədiyindən, oxu və yazıya görə 2009-cu ildə 65 ölkə arasında 64-cü yerdə olduq.

Hazırda xeyli müəllim var ki, öz fənnini yetərli bilmir. Ona görə də hesab edirəm ki, biz bunu görk edib, markerlərin hazırlanmasında konkret mexanizm işləyib tərtib eləməyik”.

Sevil HİLALQIZI


Müəllif: