Gənc müğənni İlhamə Qasımova Teleqraf.com-a müsahibə verib.Onunla müsahibəni təqdim edirik.
- Bir çox müğənnilər artıq yay istirahətini hansı ölkədə keçirəcəyini planlaşdırıb. Bəs siz?
- Rəfiqəm Oksana ilə istirahətimiz üçün iki ölkəyə getmək istəyirik. İşlərimiz çox olur. Amma ən azından bir həftəlik harasa getmək lazımdır. Hansı ölkəyə gedəciyimizi planlaşdırmamışıq. Yaradıcılığıma gəlincə, sentyabrda yeni mahnılar təqdim edəcəm.
- Bu il əks-səda doğuran mahnınız olmadı...
- Hər zaman sentyabrda yeni mahnılar təqdim edirəm. İl ərzində hit mahnılar çox olanda adi mahnının ləzzəti qalmır. Ona görə hər dəfə bir hit mahnı oxumaq daha maraqlıdır. Mahnını tamaşaçıya sevdirmək lazımdır.
- “O səs Türkiyə”də iştirak etməyi düşünürsünüzmü?
- Xeyr. Çünki “O səs Türkiyə” kimi yarışmaya vətənimdə qatılmışam və qalib olmuşam. “O səs Türkiyə”nin bir şeyi yaxşıdır ki, daha çox izlənilir, təşkilatçıları var. Müsabiqədə iştirak etdiyimə görə hansısa yarışmaya qatılmağa düşünmürəm.
- İlhamə xanım, sizi imkanlı müğənni kimi tanıyırlar. Deyilənə görə, həyat yoldaşınız zəngindir...
- Xeyr, çox imkanlı insan deyil. Hər bir insan iş görür, bir də görürsən ki, yaxşı alınır, yaxud da əskinə. Mən deməzdim ki, həyat yoldaşım imkanlıdır. Mən xarici ölkələrə tez-tez gedirəm. Amma heç vaxt biznes-klassla getmirəm. Gəzməyi xoşlayıram. Pulları geyimimə xərcləməkdənsə dünyagörüşümün inkişaf etməsinə xərcləyirəm. Məsələn, insanlar gedir, 5-6 minlik paltar alır, amma mən o pula dörd ölkəni gəzərəm, hər ölkədə 10-15 gün qalıb istirahət edərəm.
- Bəs, həyat yoldaşınız sizə maliyyə cəhətdən yardım edirmi?
- Bəli, əlbəttə yardım edir. Onu da deyim ki, böyük məbləğdə pullar xərcləmirəm.
- Məsələn, bir gün və bir ay ərzində nə qədər pul xərcləyirsiniz?
- Çox az pul xərcləyirəm. Məsələn, bu gün benzin pulu ilə birlikdə 30 manat pul xərcləmişəm. Hər gün o qədər pul xərcləmirəm. Elə ay ola bilir ki, cəmi 300 manat, yaxud da 500 manat xərcləyirəm. Yəni dediyim kimi böyük məbləğdə pullar xərcləmirəm. Hər şeyi nəzərə alıram, xəsis, israfçı insan deyiləm. İstirahətimdən qalmıram. Sadəcə pulumu lazım olan şeylərə xərcləyirəm. Mən xoşlayıram ki, pul cibimdə olsun və hansısa restorana gedəndə rahat olum.
- Pul yığırsınız?
- Xeyr, pul yığmıram. Büdcəmizə uyğun yaşayırıq. Biz o qədər pul qazanmırıq ki, deyim ki, ayda 5-10 min xərcləyirik.
- Müasir zəmanəmizdə belə bir söz var: “Pul hər qapının açarıdır”. Bu fikirlə razısınız?
- Bəli, razıyam. Kim deyir ki, pul hər qapını açmır, boş sözlərdir. Sağlamlıqdan başqa pul hər qapının, hətta xoşbəxtliyin də qapısını açır. Bu gün pul insanlar arasında maddi asılılıq yaradıb. Ona görə də hətta istedadla da irəli getmək mümkün deyil.
- Həyat yoldaşınızın hədiyyə etdiyi bahalı maşınla gündəmə gəlmişdiniz. Maşınınızı dəyişmisiniz?
- Hələ də eyni maşını sürürəm. Yeddi ildir ki, maşınımı dəyişməmişəm. Bəli maşınımı o vaxt həyat yoldaşım hədiyyə etmişdi. Mən istəmirəm kimsə mənə nəyə görəsə hörmət etsin. Çox insanlar bu gün saxta hörmət edirlər. Kimsə efirlərdə çox parıldayanda hamı onun qarşısında baş əyir. İfrat dərəcədə elə hallardan iyrənirəm. Ona görə də mən özümdən razı insanam. Azadlığı sevirəm.
- Qeyd etdiniz ki, azadlığı sevirsiniz. Həyat yoldaşınız azadlılığınızı məhdudlaşdırmır?
- Həyat yoldaşım çərçivə qoymur. Mən xarici ölkələrə tək gedirəm. Mənimlə bir neçə dəfə xarici ölkələrdə olub və bezib. Çünki mən küçələrdə hər tərəfi gəzməyi xoşlayıram. Amma o kafedə oturmağı sevir. Ona görə də mənim necə insan olduğumu görür.
- Bəs sizi qısqanmırmı?
- Xeyr, heç vaxt qısqanmır.
- Siz də həyat yoldaşınızı qısqanmırsınız?
- Xeyr, çünki qısqanclıq acizlikdir. Özünə inamı olmayan, kompleksli insanlar qısqanclıq hiss keçirirlər. Özünə dəyər vermirsən ki, qısqanırsan. Həyat yoldaşıma deyirəm ki, məndən başqasını tapa bilməzsən. Hər ikimiz bir-birimiz haqqında elə düşünürük.
- Nə vaxtsa mübahisə edirsinizmi?
- İldə bir dəfə mübahisə edirik. Əslində, çox mübahisə edə bilərik, çünki hər ikimiz əsəbi insanlarıq. Belə ki, dava-qırğın edirik, bir iki gün küsülü qalırıq, sonra barışırıq(gülür). Onu da deyim ki, adi şeylərin üstündə mübahisə edirik. Məsələn, filan vaxtı nəyisə xəbər etmədim, yemək başqa cür yaxşıdır və s. kimi məsələlərdə mübahisə edirik. Yəni ki, boş-boş şeylərin üstündə mübahisəmiz olur. Ciddi problemlərimiz olmayıb.
- Küsülü olduğunuz zaman barışmaq üçün ilk addımı siz atırsınız?
- Xeyr. Heç vaxt...
- Günah siz də olsa...
- Günah məndə olan zaman ondan incimirəm və üzr istəyirəm. Əgər 10 dəfə mübahisə ediriksə iki dəfə günah məndə ola bilər.
- Həyat yoldaşınız sizə sürprizlər edir?
- Əvvəllər sürprizlər edirdi. Artıq sonra deyirsən ki, ad günüm yaxınlaşır, mənə hədiyyə edəcəksən?
- Evlilik ildönümünüzü və ad gününüzü unudur? Yəni ki, xatırlatmaya ehtiyac olurmu?
- Evlilik il dönümümüzü qeyd etmirik. Mən elə halları xoşlamıram. Mənim üçün önəmli bayram ad günüm və 8 martdır.
Rəqsanə