“Məni ləkələmək istəyirlər”
“Kimsə məni ləkələmək üçün bu məsələni ortalığa atıb. Uzun illərdir ki, onlarla əlaqəni tamam kəsmişəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Tariyel Qasımov nəvəsi Fariz Kərimliyə biganə yanaşması ilə bağlı ittihamlara cavab verərkən deyib.
Böyrək çatışmazlığından əziyyət çəkən Fariz Kərimlinin nəvəsi olduğunu təsdiqləyən aktyor səkkiz il onun qayğısına qaldığını bildirib:
“O qız övladımdan olan nəvəmdir. O uşaq iki yaşında olanda xəstələnib. Mən on yaşına qədər onun müalicəsi ilə məşğul olmuşam. Axırda həkimlər mənə dedilər ki, Tariyel müəllim, bu sağalan xəstəlik deyil, pulunuzu nahaq yerə xərcləməyin. Ondan sonra mən o uşağı atasına, əmilərinə tapşırdım. Əmilərinin çox böyük imkanları var”.
Uzun illər öncə qızının həyat yoldaşından ayrıldığını deyən aktyor vəziyyəti belə şərh edib: “O vaxtdan mən onlarla nə salamlaşıram, nə görüşürəm. Onun familiyası Kərimovdur. Üstəlik yüksək vəzifədə çalışan əmisi var. Mən aktyor adamam. Aktyorun nə maaşı var? İndi kimsə məni ləkələmək üçün bu məsələni ortalığa atıb”.
Qeyd edək ki, Boccia idman növü üzrə Azərbaycan çempionu olan, 1-ci qrup əlil, şair Fariz Kərimli bir müddət öncə sosial şəbəkədə paylaşdığı videoda babasının ona qarşı hər zaman biganə olduğunu iddia edib:
“Mən xalq artisti Tariyel Qasımovun nəvəsiyəm. Amma bizim münasibətimiz yoxdur. Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, o mənə heç bir köməklik göstərməyib. Nəinki indi, heç illər öncə də köməklik göstərməyib. Hamı deyir ki, o tanınmış insandır, sənə köməklik edə bilərdi. Amma neyləyək ki, mən babamı seçməmişəm. Qismətim belə olub. Dostlardan, tanışlardan mənə kömək etməsini istəyirəm”.
Nərmin