Teleqraf.com Yaralı Bəxtiyarın gəraylılarını təqdim edir:
Belə gəldi mənimki də,
Qəm başıma tez yığılır.
Nə gedənim gələsidi,
Nə yollardan göz yığılır.
Babat günlər yazıda yox,
Bərbad günə pozu da yox,
Haqqın izi- tozu da yox,
Kitabıma toz yığılır
Tanıram dərdi tanıram,
Bir az halınnan qanıram,
Özüm içimdən yanıram,
Su boruma buz yığılır.
Daş yağaydı doğulanda,
Batan da mən boğulan da.
Gözümə su yığılanda,
Ürəyimə köz yığılır.
Gəz Bəxtiyar, düzü, yoxdu,
Yollar yoxuş, düzü yoxdu.
Çörəyimin duzu yoxdu,
Kürəyimə duz yığılır.
***
Sənə deyim bu dünyadan,
Nahaqqı haqdan endirər.
Kimi zirvəyə qaldırar,
Kimi alçaqdan endirər.
Bilməzsən hardan gətirər,
Yüzünü birdən gətirər,
Beş bəla vardan gətirər,
Yüz bəla yoxdan endirər.
Şamam günnən, şamam aynan,
Qəm qonağım, tamam aynan,
Işi olmaz şamamaynan,
Zərbəni tağdan endirər.
Dildə- dişdə doğranarsan,
Söylənərsən, qarğanarsan,
Sən solunu qorğanarsan,
Bu dünya sağdan endirər.
Verməz Bəxtiyara günü,
Günüm ağrı, yara günü.
Yüz-yüz əlli qara günü
Bir-iki ağdan endirər.
***
Mən ki qaldım dar ayaqda,
Dost getdi, yığnaq əridi.
Böyür-başdan səs çıxmadı,
Sol boşaldı, sağ, əridi.
Kotan saldım daşa çıxdı,
Bircə dərdim beşə çıxdı,
Ömrüm-günüm boşa çıxdı,
Zaman dondu, çağ əridi.
Alt-üst edib bulmayanda,
Dibdə bir şey qalmayanda,
Evimdə yağ olmayanda,
Ürəyimdə yağ əridi.
Günü əzab edən dərdə,
Bağrı kabab edən dərdə,
Bəxtiyar tab edən dərdə,
Qaya uçdu, dağ əridi.
***
Gəl-gəl deyim köhnə dostum,
Heç özümü yondurmadım.
Hər kim gəldi can yandırdım,
Özümə çöp yandırmadım.
Ağlar gözümü kiritdim,
Dəhnə basdım su yeritdim.
Toz-torpaqda can çürütdüm,
Adıma toz qondurmadım.
Ha Bəxtiyar lələm oldu,
Gözüm qanı lalam oldu.
Söz boynumda balam oldu,
Boynuma suç mindirmədim.