Bu gün əməkdar incəsənət xadimi Məlahət Abbasovanın ad günüdür. Türkiyədə fəaliyyət göstərən Məlahət Abbasova ad günü təəssüratlarını özəl olaraq Teleqraf.com-la bölüşüb.
- Məlahət xanım, ad gününüzdür, təbrik edirik. Ad günü təəssüratlarınızı eşitmək istərdik. İlk olaraq sizi kim təbrik etdi?
- İlk təbriki qızım Sudə, sonra oğlum və həyat yoldaşım elədi. Azərbaycandan və Türkiyədən bütün dostlarım mənə təbrik mesajı yazırlar. Bu, çox sevindiricidir. Hər birinə tək-tək cavab yazıram.
- Bəs, övladlarınızın hədiyyəsi nə oldu?
- Ad günümə hədiyyə aldılar, amma hədiyyəni söyləməzlər...
- Ad gününüzü necə qeyd edəcəksiniz?
- Axşam ad günümü ailəvi bir məkanda qeyd edəcəyik. İşlərimiz çox olduğuna görə ailə üzvlərimizlə bir arada ola bilmirik. Həyat yoldaşım işi ilə əlaqədar Rusiyada olur. Bu gün bütün işlərimizi təxirə saldıq. Baş-başa ad günümü qeyd edəcəyik.
- Bu gün həyat yoldaşınızın sizin üçün sürpriz hazırladığını dediniz. Nə vaxtsa işlə bağlı ad gününüzü unutduğu və yaxud da gec təbrik etdiyi vaxt olubmu?
- Xeyr, olmayıb. Əslində, mən həmişə onun ad gününü unuduram. O Rusiyada işləyir, zəng edir ki, bu gün mənim ad günümdür. Amma o və uşaqlarım heç vaxt ad günümü unutmurlar.
- Unudulmaz ad gününü nə zaman qeyd etmisiniz?
- Ailə həyatı qurduqdan sonra həyat yoldaşımla qeyd etdiyim ad günümü heç vaxt unutmuram. Həyat yoldaşım məni çox sevdiyim bir məkana apardı. O ad günü mənim üçün çox fərqli olmuşdu.
- Təbrikini gözlədiyiniz xüsusi kimsə varmı?
- Sevdiyim və gözlədiyim insanların bir çoxu artıq təbrik ediblər. Gecə saat 12-dən məni təbrik eləməyə başladılar. Türkiyədən, Azərbaycandan o qədər insan təbrik edib ki, artıq kimdənsə təbrik gözləmirəm.
- Bəs azərbaycanlı və türkiyəli həmkarlarınızdan kimlər təbrik etdi?
- İşlədiyim Bələdiyyə Teatrının ümumi “whatsapp” adresi var və bütün aktyorlar orada olur. Hamımız bir-birimizin ad günündən, xeyir-şər işlərindən xəbərdar oluruq. Ona görə də bütün həmkarlarım təbrik ediblər.
- Tanınmış insanlardan, serial həmkarlarınızdan sizi kimlər təbrik edib?
- Bizim teatrda işləyən aktyorların çoxu tanınır və dediyim kimi hamısı da təbrik edib. Hələ ki, serialda çəkildiyim aktyor dostlarım təbrik etməyiblər.
- Aybəniz Haşımova ilə yaxın rəfiqəsiniz. Yəqin ki, sizi təbrik edib...
Aybəniz xanım gecədən təbrikini yazıb. Aybənizlə görüşdüyüm hər gün bayramdır. “Whatsapp”da hər gün danışırıq.
- Bu gün hansı hissləri keçirirsiniz, xüsusilə sənət adamları yaşlanmaqdan qorxurlar, siz necə?
- Əslində, heç bir zaman yaşlanmaqdan qorxmuram. Çünki həyatımı düzgün yaşayıram. Amma ilk dəfədir ki, dünəndən qəribə olmuşam. İlk dəfə düşündüm ki, artıq yaşım gedir. Şən insan olduğum üçün heç bir zaman qəmli düşüncələri yaxınıma buraxmıram. Amma ilk dəfə bu hissi yaşasam da tez özümü ələ aldım. Yəni ki, önəmlisi olan düzgün yaşlanmaqdır. İnsanlar dönüb arxaya baxanda deməməlidir ki, bu yaşıma qədər neynəmişəm? Mənə gəlincə bu yaşıma qədər çox işlər görmüşəm, günlərim boş keçməyib. Etiraf edim ki, bir az yaşlanmaqdan qorxuram.
- İyulun ortalarında Bakıya gələcəyinizi eşitdik. Doğrudurmu və gəlişiniz nə ilə bağlıdır?
- Bakıya işlə bağlı gəlmək istəyirəm. Amma hələ ki, dəqiqləşdirməmişəm. Bilirsiniz ki, İstanbul bələdiyyəsinə bağlı şəhər teatrları bədii rəhbərinin müavini təyin edilmişəm. Onunla bağlı işlərimiz var. Akademik Milli Dram Teatrı ilə bağlı layihəmiz olacaq. “Qardaş teatrı” adlı müqavilə bağlamaq istəyirəm. Buna görə teatrın bədii rəhbəri Azər Paşa Nemətovla görüşməyə gələcəm. Amma tam dəqiq deyil.
Bununla yanaşı sentyabrda Elçin Əfəndiyevin “Şekspir” əsəri ilə Bakıya qastrol səfərə gələcəyik. Bu tamaşa ilə ilk dəfə Bakıya qastrol səfərimiz olacaq. İstanbul şəhər teatrları Avropa və Asiyada ən böyük teatrdır. Çoxlu əməkdaşlarımız var, böyük bir teatrdır. Müqaviləyə görə, Azərbaycandan rejissorlar dəvət edəcəyik, eləcə də Türkiyədən rejissorlar Azərbaycana gələcəklər. Hətta mən özüm də Azərbaycanda tamaşa qoymaq istəyirəm. Türkiyədə 2015-ci ildə ilin ən yaxşı rejissoru seçildim. Nəyə görə də öz ölkəmdə tamaşa hazırlamayım? Çünki hamı elə bilir ki, mən Bakıda getmək və tamaşa qoymaq istəmirəm. Amma hər zaman öz ölkəmdən dəvət gözləmişəm. İnşallah, müqaviləni bağladıqdan sonra qarşılıqlı əməkdaşlığa başlayacağıq.
- İstanbul şəhər teatrları və “Azdrama” ilə iş birliyinə başlayacağınızı qeyd etdiniz. Təklif Azər Paşa Nemətovdan gəlib?
- Xeyr, təklifi mən edirəm. Bu haqda müdiriyyətə bildirdim və onlar da təklifi məmuniyyətlə qəbul etdilər. Azərbaycanı çox sevirlər. Belə ki, təklif məndən gəldi və onlar da qəbul etdilər. Azərbaycan tərəfinin nə deyəcəyini bilmirəm. Azər Paşa müəllim müəllimim olub, onu çox yaxından tanıyıram. Tamaşasında baş rolda da oynamışam.
- Yeni sezon üçün seriallardan təklif varmı?
- TRT-də "Sevda quşun qanadları" serialına çəkilirəm. İndi tətildəyik, avqustdan çəkilişlərə başlayacağıq. Serial çəkilişləri bildiyimə görə, gələn ilə qədər davam edəcək. Teatrda planlarım çoxdur.
- Bir çox həmkarınız istirahət edir. Siz necə, istirahət üçün hara getməyi düşünürsünüz?
- İyulun 15-dən sonra ailəmlə Bodruma gedəcəm.
Rəqsanə