11 İyul 2016 14:48
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Novruz Qartalla Musiqili Teatrda gerçəkləşən “Mövsümün ən yaxşıları” adlı tədbirdə görüşdük. 40 ildən çoxdur ki, sənətlə məşğul olan aktyorla keçmişdən, bu gündən, gələcəkdən danışdıq. Söhbətimiz zamanı aktyor bizimlə şad xəbərini bölüşdü.

Teleqraf.com Novruz Qartalla qısa müsahibəni təqdim edir:

- Bu gün teatrda mövsüm ərzində çalışan sənət adamları arasında ən yaxşılara mükafatlar təqdim olundu. Ötən ildən başlanan ənənə bu il də davam etdi. Layiqli insanlar mükafatlandırıldı. Belə də olmalıdır. Bu, həvəsləndiricidir. Bu, insanı ruhlandırır, sənətə məhəbbətini daha da artırır.

- Bəs Novruz müəllim, mükafatlar arasında öz adınızı görmək istəməzdiniz?

- (Gülür) Daha o yaş gedib. Vaxtında mən də çox mükafatlar almışam. Görünür, məsləhət bilinməyib. Deyə bilmərəm ki, mənə də mükafat verin. Bu, düzgün olmaz.

- Bu mövsüm sizə düşərli oldumu? Necə yadda qaldı?

- Yaradıcı mövsümüm çox gözəl keçdi. İki gözəl əsərdə rol ifa etdim. Onlardan biri “Baladadaşın toy hamamı”, o birisi isə Fikrət Əmirovun musiqiləri əsasında hazırlanan “999-cu gecə”dir. Hər iki tamaşada maraqlı rollar ifa etmişəm.

Ondan başqa cənab Prezidentimiz mənə ev verdi. Bu, ən gözəl mükafatdır.

- Ev bu il verilib?

- Bəli, bu il verilib. Ona görə deyirəm, mənim mükafatımı Prezident verib. Bu da mənim uğurum.

- Ekranlarda niyə görünmürsünüz?

- Ekranlara çox az-az çıxıram. Elə verilişlər var ki, ora getmirəm. Mənim səviyyəmdə deyil. İstəmirəm küçədə mənə desinlər ki, Novruz müəllim, o nə verilişdir ki, siz iştirak etmisiniz. Xalqımın az-çox mənə hörməti var, onu itirmək istəmirəm. Yoxsa ki, gündə verilişlərdə olaram. Bu gün AzTV-nin efirinə çıxmışdım, orda teatrımızın uğurlarından danışdım, hamını təbrik elədim. İndi də burdayam. Hələ ki, işləyirəm.

- Mən daha çox film, seriallarda görünmədiyini nəzərdə tutmuşdum.

- Adamın Allahı var, dəvət almıram. Bir dəfə çağırdılar, o da yarımçıq qaldı. İki seriyası çəkildi, qalanı qaldı. Sevinirəm ki, bizdə seriallar çəkilir, iş gedir. Əvvəllər seriallarımız çəkilmirdi, biz də əcnəbi seriallara tamaşa edirdik. Hər zaman da arzulayırdıq ki, biz də yaxşı seriallar çəkilsin, aktyorlarımız orda rol alsın. Nəhayət bu işə başlandı. İki ildən çoxdur ki, müxtəlif səpkili seriallar çəkilir. Əlbəttə, içərisində zəif olanlar da var. Baxdığım elə seriallar var ki, aktyor heyəti güclü, mətni, ssenarisi zəifdir. Aktyorlar nə qədər yaxşı oynasalar da ssenari zəif olanda tamaşaçı o işdən razı qalmır. Bu, hər zaman belədir. Elə işlər var ki, ssenari yaxşıdır, aktyor heyətini yaxşı seçməyiblər. Hər bir filmin, serialın yaxşı olması öncə müəllifdən, sonra rejissordan asılıdır. Rejissorlar da öz növbəsində yaxşı aktyor heyəti ilə işləməlidirlər.

Bütün hallarda seriallar çəkildikcə keyfiyyəti də artacaq. Bayaq da dediyim kimi mən çəkilməsəm də aktyor dostlarımız çəkilirlər. Mənim neçə illərdir ki, bir arzum var idi: evim olsun. Vəssalam. Prezidentim məni evlə təmin elədi. Mən neçə illərdir kirayədə qalırdım. Bunu bilməyən yoxdur. Nə qədər əziyyət çəkmişəm. Axırı evim oldu. Qismət.

Gənclərə uğurlar arzulayıram. Bu sənət çətin və gözəl sənətdir. Həm də ac sənətdir. Məhrumiyyətləri çoxdur.

- Peşmançılığınız var?

- Yox. Mən bu sənətin fanatlarındanam. Görün kimlərlə işləmişəm: Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Şəmsi Bədəlbəyli, Əliheydər Ələkbərov, Münəvvər Kələntərli, bir sözlə saymaqla qurtarmaz. Bu insanlar peşəkar insanlar idilər, biz gənclərə dəstək olurdular. O insanlarla eyni səhnəni bölüşmək, onlardan məsləhət almaq çox gözəl hisslər idi.

Bəxtim gətirdi ki, oynadığım obrazların əksəriyyəti insanlar tərəfindən sevildi, yadda qaldı. Bu aktyor üçün böyük şansdır. Və bu hər aktyora nəsib olmur. Ona görə bu sənəti seçdiyimə görə heç vaxt peşman olmamışam. Və hər zaman sevinirəm ki, çox istedadlı, peşəkar sənət adamlarından dərs almışam.

- Adətən sizin nəslin sənətkarlar gənclərdən narazılıq edirlər. Hər zaman deyirlər ki, teatrda, sənətdə cılızlaşma gedir. Siz necə düşünürsünüz?

- O dövrlə bu dövr arasında fərq çoxdur. O dövrdə bir televiziya kanalımız var idi - AzTV. Başqa kanallar olmadığına görə hamı AzTV-yə baxırdı və hamı da onun efirinə çıxırdı. O vaxtlar efirə hər adamı buraxmırdılar. İnsanlar AzTV-yə baxır və teatrlara gəlirdilər. İndi görün necə kanal var. Üstəlik, internet əsrində yaşayırıq, millət başını belə şeylərlə qatır. Ona görə səviyyə aşağı düşür.

Amma teatrsevərlər hər zaman qalır, onlar indi də teatra gəlirlər. Düzdür, o vaxtlar kəndlərdən, kolxozlardan da teatra gəlirdilər. İndi yox.

Teatr məbəddir. Kim özünü görmək istəyirsə teatra gəlsin.

- Yeri gəlmişkən, siz bir müddət teatrda truppa müdiri də işləmisiniz.

- Doğrudur, Hacıbaba müəllim rəhbərliyi dönəmində mən teatrda truppa müdiri işləyirdim. Çox ağır və məsuliyyət tələb edən iş idi. Gecəmiz-gündüzümün yox idi. Hacıbaba müəllim işinə çox ciddi yanaşırdı. Artıq truppa müdiri vəzifəsində çalışmıram. Aktyoram, məşqim, tamaşam olanda teatra gəlirəm.

- Yeni mövsümdən nə gözləyirsiniz? İndidən planlaşdırılan yeni rollarınız varmı?

- Bəli, var. Amma ətraflı məlumat verməyim. İnşallah, yeni mövsümdə görüşərik.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər