Məşhur ingilis musiqi qrupu “The Beatles”in müğənni Silla Blek üçün xüsusi olaraq yazdırdığı demo-disk 52 il sonra aşkarlanıb.
AZƏRTAC www.metro.co.uk saytına istinadla xəbər verir ki, Liverpul dördlüyünün əsas simalarından olan Con Lennon və Pol Makkartninin ifa etdiyi "İt`s For You" (Bu. sənin üçündür) 2 dəqiqəlik mahnı Silla Blekə hədiyyə olaraq 1964-cü ildə Londonda çıxış etdiyi Palladium konsert zalına göndərilib. Lakin, səsyazmanın sonrakı taleyi illər boyu naməlum qalıb.
Ötən ilin yayında vəfat edən müğənninin qohumu isə demo-diski Silla Blekin əşyaları arasında aşkarlayaraq, avqustun 27-də keçiriləcək Bitls qrupunun xatirəsinə həsr olunmuş hərracda satılmaq üçün təqdim edib. Ekspertlərin rəyinə görə, səsyazmanın dəyəri 15-20 min funt sterlinq ola bilər.
Qeyd edək ki, Silla Blek ötən əsrin 60-70-ci illərində Britaniyanın ən populyar musiqi ifaçılarından olub. 80-ci illərin əvvəllərindən bir çox televiziya layihələrində iştirak edən müğənni Britaniya televiziyası tarixinin ən çox qazanan aparıcısı olmuşdur.