Bu günlərdə Şən və Hazırcavablar Klubunun (ŞHK) “Sbornaya Baku” komandası 10 min kilometrədək yolu avtomobillərdə qət edərək Bakıya qayıdıb. Komanda əliboş deyil, ŞHK-nin tarixində ilk dəfə olaraq “Malıy KiViN v tyomnom” mükafatını Bakıya gətirib.
“Sbornaya Baku” komandasının direktoru Cavid Şahbazbəyov AZƏRTAC-a bildirib ki, “KiViN”lər ŞHK komandalarının “Qolosyaşşiy KiViN” Beynəlxalq Musiqi Festivalında ali mükafatlardır. O deyib: “Biz öz qələbəmizi əfsanəvi bakılı kapitan Anar Məmmədxanova həsr edirik. Biz öz komandamızda kapitan yerini xatirə olaraq vakant saxlamışıq, çünki Anar Bakı ŞHK-nın əbədi kapitanıdır. Şübhəsiz ki, o, bizimlə qürur duyardı. Bu yaxınlarda onun ad günü oldu və komandamız da əliboş qayıtmadı”.
Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində keçirilən festivalda 6 ölkədən 27 komanda iştirak edib. Bunlar Ali Liqanın iştirakçıları və müxtəlif mövsümlərin titullu çempionları olublar. Güclü rəqabətə baxmayaraq, təmsilçilərimiz Klubun ən musiqili komandalarından birinin adını doğruldaraq qaliblər sırasında yer alıblar. Bu il üç yaşını qeyd edəcək komanda üçün bu, çox yaxşı göstəricidir.
Sevindirici haldır ki, Rusiyanın Birinci kanalında “Sbornaya Baku”nun efir sayı gündən-günə çoxalır. Vətəni beynəlxalq media məkanında layiqincə təmsil etmək isə istənilən yaradıcı kollektivin başlıca nailiyyətidir.
Qeyd edək ki, “Sbornaya Baku”nun uğuru “Qolosyaşşiy KiViN”də Azərbaycan üçün ilk dəfədir. Ölkəmiz bu müsabiqədə artıq altıncı dəfə iştirak edib. Azərbaycanı 1995 və 1997-ci illərdə “Parni iz Baku”, 1996-cı ildə “Oqni Baku”, 2014-2016-cı illərdə “Sbornaya Baku” təmsil edib.
“Sbornaya Baku”nn hedlayneri Tamerlan Nağıyev deyib: “KiViN v tyomnom” mükafatı kollektivin gərgin zəhmətinin, yuxusuz gecələrinin və rəhbərimiz Rəşad Əzizovun qələbəyə dərin inamının nəticəsidir. O, hətta ən çətin anlarda belə o, bizi öz üzərimizdə işləməyə, qələbəyə inamı itirməməyə ruhlandırıb”.
Qaliblər sırasında Murmansk yığması, “Soyuz”, “Proiqrıvatel” komandaları, Moskva Böyük Sirki yığması, Gürcüstan yığması olub. Festivalın “Bolşoy KiViN v zolotom” əsas mükafatını Ali Liqanın bu mövsümdə favoriti olan “Asiya Miks” (Bişkek, Qırğızıstan) komandası alıb.
Azərbaycan Şən və Hazırcavablar Klubu gənclər və idman naziri Azad Rəhimova və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevaya ŞHK-nin “Sbornaya Baku” komandasının hərtərəfli dəstəyinə görə təşəkkür edir.