4 Avqust 2016 14:54
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Devir” türkiyəli publisist-yazar Ece Temelkuranın romanının adıdır. Həm 12 Sentyabrın ayaq səslərinin eşidildiyi bir dövrdən bəhs edir, həm də o gündən-bu günə ölkənin dəyişən ruh halından...

Əsərin qəhrəmanları iki uşaq – Ayşə və Əlidir. Məsum, ağıllı, təcrübəsiz və vicdanlıdırlar. Parkdakı qu quşlarının ölkələrindəki azadlığın açarı olduğunu düşünəcək qədər saf və bu yolda yetişkin insanların belə gözə almayacaqlarını edəcək qədər cəsurdurlar. Hələ onların ruhundan heç nə oğurlanmayıb.

“Devir” Türkiyənin bu gün iştirakçısı olduğu filmin açılış səhnəsidir. Nəyi, harda itirdiyini xatırladır...

- Ayşə və Əli sirlərlə böyümək məcburiyyətində qalan uşaqlardır. Sirlər bir uşağa necə təsir edir?

- Uşaqlar adətən bir sıra sirlərlə böyümək məcburiyyətində qalır. Ona görə də bizim ölkələrimiz kimi çətin ölkələrdə “qoca uşaqlar” böyüməkdədir.

- Ayşə də, Əli də məsumiyyətin rəmzidir. Sizin üçün 12 Sentyabr hər şeydən çox məsumiyyətin pozulması idimi?

- Bəli. Məsumiyyətin və gözəlliyin qətli idi. Ancaq ən çox da zərifliyin. Bu gün yaşadığımız hədsiz kobudluğun o günlərlə bir əlaqəsi var. Məncə, bu gün baxdığımız filmin bizim nəsil üçün ilk səhnəsi 12 Sentyabr idi.

- Əsərin obrazlarından biri deyir ki, bu dövr keçməyəcək, keçsə biz də keçmişə qarışacağıq. Sizcə, həmin obraz haqlı çıxdı?

- Bəli, mən buna hələ də inanıram. O vaxtlar insanlar da, münasibətlər də daha yaxşıydı. İnsanlar bir-birlərinə də, gələcəyə də daha çox inanırdılar. Hər nə qədər 80-ci ildən əvvəl hamı bir-birinin boğazına çöksə də, o dəliliyin içində bir ümid var idi. İndi isə hər kəs bitkindir, hər kəs öz küncünə çəkilib. O adamların dövrü keçdi...

- Bu romanın ideyası necə yarandı?

- Əvvəlcə ağlıma 8 yaşlı bir qız uşağı gəldi. Qaçan bir uşaq. Kim, hara qaçır? Bilmirdim. Sonra niyə 8 yaşında olduğunu başa düşdüm. 12 Sentyabr mənim 8 yaşım olanda baş vermişdi. Ölkəmizə də, ailəmizə də, mənə də ziyanı dəydi. Mən 12 Sentyabrın müasir dünyanın ən uğurlu siyasi layihəsi olduğunu düşünürəm. Həqiqətən də, unutdurdu. Özünün var olduğunu belə unutdurdu. Nə istədilərsə, oldu.

- Kənan Evrənin inqilabçılara xitabən bir sözü var: Elə bir nəsil yaradacağıq ki, kim olduqlarını xatırlamayacaqlar. Bu roman bu sözün intiqamıdır?

- Qismən hə. Əslində, mənim intiqam almağıma ehtiyac yoxdur, zaman özü alır. İstədiyiniz qədər unutdurun, zaman hər şeyi geri qaytarıb xatırladır. TRT-də ilk qadağan edilən sözlərdən biri “dirənmək” idi. Və bu gün Gezi Parkı hadisələrindən danışanda “dirənmək” sözündən istifadə etməsəniz, şillə yeyərsiniz. İlk unudulmasını istədikləri söz geri qayıtdı. İnsana inanmaqda çox çətinlik çəkdiyim bir zamandayam mən. Amma insana inanmaqdan başqa çarə olmadığını belə nümunələrdə başa düşürəm.

- Bir başqa obraz da “Özünü qoruyanlarla özünü oda atanlar eyni sürətlə qocalmırlar” deyir. Hamıdan qəhrəman olmasını, özünü oda atmasını gözləmək nə qədər ədalətlidir?

- Bilmirəm. Mən bu insanları həqiqətən danışdırmışam, bunlar mənim fikirlərim deyil. Özünü oda atan bir insan özünü qoruyan bir adam bunu deyə bilər. Bu kitabda verdiyim sualların cavabını mən öz içimdə tapmışam. Amma kitabda nə qədər cavablaya bilmişəm, bilmirəm. Doğru nədir, yanlış nə? Əvvəllər bilirdim, amma indi bilmirəm. Mənə də əvvəllər “qəhrəman” deyənlər oldu. Amma mən qəhrəman olmaq istəmirəm. Normal həyatda heç kimin qəhrəman olmasına ehtiyac yoxdur. Əgər kimsə qəhrəmandırsa, deməli, bərbad bir həyatın içindəyik. Birinin özünü qurban eləməsini gözləyirik. Mən artıq ölüləri alqışlamaq istəmirəm. Uşaqlarla öləndə tanış olmaq istəmirəm.

- Roman boyunca uşaqlar parkda qu quşlarının qanadlarını qırılmaqdan qorumağa çalışırlar. Siz də bir müsahibənizdə “Ankara qanadımın qırıldığı yerdir” demişdiniz. Buna görəmi romanın coğrafiyası Ankaradır?

- Bəli, qanadımım orda qırıldığını düşünürəm. İndi qanadımı yenidən taxıram ki, uça bilim. Çünki mənə də uça bildiyimi unutdurdular.

Bu romanda həm də bütün hesablaşmalardan sonra sevməyə davam edə bilmək var. Ölkəni, qorxmuş insanları, özümü...

- Bu ölkəni sevirsinizmi?

- Bu sualı eşidəndə içimdən ağlamaq gəlir. Bu duyğunun adını bilmirəm. Çox döyülmüsən, amma yenə də sevməyə davam edirsən. Bunun bir açıqlaması, bir adı varmı? Bütün kitablarda əsas məsələm budur: ölkə nədir, onu niyə sevirik? Bu qədər ağırdısa bu sevgi, niyə hələ də var? Bu, sevgidirmi, yoxsa ruhuna möhürlənmiş, xilas ola bilmədiyin bir bilgidir? Bu ölkə ən çox onu sevən uşaqlarını döyür. Təkcə indi deyil, əvvəllər də beləydi.

Hazırladı: Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər