4 Avqust 2016 16:24
3 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Məlik bu gün doğum gününü qeyd edir.

1943-cü ilin bu günündə Bakıda doğulan Ramiz Məlik 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alır.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülür. Elə o vaxtdan indiyə kimi teatrda fəaliyyətini davam etdirir.

Onun filmoqrafiyasından 60-a qədər filmin adına rast gəlmək olar.

Teleqraf.com bu gün 73 yaşını qeyd edən aktyorla qısa söhbəti təqdim edir.

- Ramiz müəllim, gününüz neçə keçir?

- Çox gözəl. Uşaqlarım, nəvələrimlə birgə doğum günümü qeyd edirik.

- İlk kim təbrik etdi?

- İlk təbriki gecə saat 1-ə işləmiş 1 dəqiqədə Amerikada yaşayan dostum Elmandan aldım. Sonra feysbukda olan dostlarımdan təbrik gəldi.

- Doğum gününə münasibətiniz necədi?

- Normal. Yaşın üstünə yaş gəlir.

- Elə buna görə də çoxları bu günü sevmir.

- Niyə sevmirlər ki? İstəyir xoşlayır, istəyir xoşlamasınlar, fakt odur ki, yaşın üstünə yaş gəlir. Bu bizdən asılı deyil.

- Sizin üçün bu gündə təqdim olunan hədiyyələrin fərqi var?

- Hədiyyənin heç bir fərqi yoxdur. Bütün hədiyyələri qəbul edə bilərəm.

- İki gün əvvəl Milli Kino Günü idi. Sizin də kinoda fəaliyyətiniz olub. Bu fəaliyyət sizi qane edir?

- Məni kinodakı fəaliyyətim qane etmir. Dəvətlər yoxdur, ona görə... İndi kino çəkmirlər. Çəkəndə də aktyorları çəkmirlər. İndi harda oxuyan, oynayan varsa onları çəkirlər. Professional aktyorlardan demək olar ki, çox az istifadə edirlər.

- Yeni çəkilən filmlərə baxırsınız?

- Yeni çəkilən filmlərə baxıram. Bəziləri xoşuma gəlir, bəziləri yox.

- Onlar hansılardır?

- “Dolu” filmi xoşuma gəlir. Onu Elxan Cəfərov çəkib. Ondan başqa yadıma düşən yoxdur. Amma vaxtım olanda gedib filmlərə baxıram.

- Sizi Milli Kino Günü ilə əlaqədar tədbirdə görmədim.

- Bu il məni Nizami Kino Mərkəzində keçirilən tədbirə dəvət etmişdilər, amma mən getmədim. İşim olduğuna görə...

- Ramiz müəllim, ötən illərə nəzər salsaq, çəkiliş meydançasında, səhnədə qeyd etdiyiniz doğum günlərini xatırlasaq, nələr yada düşər?

- O nostalji hisslərdir. Onları gərək üzbəüz oturub sizinlə söhbətdə danışam. Doğurdan da mən o illəri arzulayıram. İstəyirəm o illər qayıtsın. Allah heç olmasa bir həftəlik də olsa o nostalji hissləri yenidən yaşamağı bizə nəsib etsin. Ki, o dövrün hissləri ilə yenidən yaşayaq...Amma qayıtmaq mümkün deyil. Gərək o dünyaya gedək. O da Allah bilən məsləhətdir.

- İşlədiyiniz Akademik Milli Dram Teatrında yeni mövsümdə hansı rollarınız olacaq?

- Bu, teatrın repertuar siyasətindən asılı olacaq. Hansı tamaşalar repertuara salınacaq, hansı rejissorlar quruluş verəcək, içərisində mənə təklif oluna biləcək rollar olacaqmı, bunu bilmirəm.

- Teatrınızın yeni rəhbərlik dönəmindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Müsbət qiymətləndirdik. Yeni rəhbərlikdir. Teatrın tarixi ənənəsini özünə qaytardı, teatr kollektivi sevindi. İki yeni tamaşa quruldu: “Ölülər” və “Müfəttiş” . Hər ikisi tamaşaçılar tərəfindən böyük müvəfəqqiyyətlə qarşılandı. Bu, məni sevindirir.

Kollektiv arasında da çox müsbət əhval ruhiyyə, bir -birinə qarşı məhəbbət var. Bundan əvvəl isə başqa cür münasibət mövcud idi.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər