Bu gün əməkdar artist, tanınmış xanəndə Fərqanə Qasımovanın doğum günüdür.
Teleqraf.com bu günü təbiət qoynunda qeyd edən xanəndəylə qısa həmsöhbət olub.
ÖNCƏ
1979-cu ilin bu günündə anadan olub. 1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb. 2002-ci ildən bəri A.Zeynallı adına musiqi məktəbində müəllimədir.
1996-cı ildən başlayaraq atası Alim Qasımovla birgə Heydər Əliyev adına sarayın və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnələrində konsertlər verir. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə iştirak edib.
2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə müstəqil səhnəyə çıxıb.
Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. Avropada Alim Qasımovla birgə dörd albom çıxırıb. İlk müstəqil albomunu olan “Yalnız ona doğru” 2014-cü ildə təqdim olunub.
-Doğum günümü atam, anam, bacım, qardaşım, ailəmlə qeyd edirik. Çox sevinirəm ki, bu gün hamımız bir yerdəyik.
-Sizə nə hədiyyə ediblər?
-Mənə gözəl dağların ətəyində gözəl yeyib-içmək qonaqlığı veriblər.
-Atanız Alim müəllimin xüsusi hədiyyəsi oldumu?
-Alim müəllim bu qonaqlığı təşkil etməklə bizi dağlarda gəzdirməyi hədiyyə elədi. Ona çox minnətdaram.
-Adətən uşaqlar analarına çox fərqli hədiyyələr bağışlayırlar. Övladlarınız sizi necə sevindirdi?
-Rayona gəldik deyə hədiyyə hazırlaya bilmədilər. Mən onlardan gözəl əxlaqdan başqa heç nə ummuram. İstəyirəm ki, əxlaqlı övladlar olsunlar. Qızımın biri rəssamdır. Hər il mənə doğum günümdə öz əl işlərindən birini hədiyyə edir. Uşaq olsalar da hər zaman mənə diqqət göstərirlər. Sağ olsunlar.
-Bu gün özünüzə ən böyük arzunuz?
-Özümə xoşbəxt ana olmağı arzu edirəm. Həm valideynlərim mənə baxıb xoşbəxt olsunlar, həm də mən övladlarıma baxıb xoşbəxt olum. Soyumuz imanla davam etsin.
-Yəqin Şamaxıda dincəlirsiniz.
-Yox. Amma deməyim ki, hardayıq. Sadəcə bilin ki, Azərbaycandayıq, dağların ətəyindəyik.
-Bildiyim qədər qastrol səfərlərindən yenicə qayıtmısınız. Ürəyinizcə oldumu?
-Doğru deyirsiniz, London səfərindən qayıtmışıq. Sentyabrda Alim müəllimin başqa bir səfəri var, ardından isə “Leyli və Məcnun” layihəsi ilə əlaqədar Amerikaya bir aylıq turumuz olacaq. Oktyabrın ortalarında isə İspaniyada konsert verəcəyik.
Nərmin