14 Sentyabr 2016 17:53
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən doğum günü olan Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verib. Şair qurumu onun doğum günlərinə laqeydlikdə suçlayıb.

Teleqraf.com məsələylə bağlı AYB-nin mətbuat katibi Xəyal Rzayla əlaqə saxlayıb.

Onun sözlərinə görə, Birlik yazıçı və şairlərin ad günlərini yox, yubiley yaşlarını qeyd edir: “Rüstəm Behrudinin 59 yaşı oldu, bu isə yubiley yaşı deyil. Yubiley yaşı 60 olar. Bizim 1700 üzvümüz var, hər ad günündə onları təbrik etsək, AYB-nin işi-gücü ancaq ad günü təbrik etmək olar. Bu qədər adama hər dəfə ad günü təbriki ünvanlamaq gülünc olmazmı?

Yubileylər keçirilir. Əgər yubilyar özü müraciət edirsə, Natəvan klubunda təntənəli şəkildə tədbir təşkil edilir. Əgər özü müraciət etmirsə, “Ədəbiyyat” qəzeti AYB-nin adından yubilyara böyük bir məqalə həsr edir və onun həmin ərəfədə çıxan əsərlərini çap edir. Göründüyü kimi, bizim gözəl şairimiz Rüstəm Behrudi bir az, yəni bir il tələsib. Yubiley təbrikini indidən istəyir.

Bundan əvvəl Vahid Əziz də belə narahatlıq keçirmişdi. Ancaq biz həmin vaxt gördük ki, “Ədəbiyyat” qəzetinin növbəti sayı məhz onun yubiley tarixinə düşür. O da bizi bir neçə gün qabaqlamışdı.

AYB heç bir üzvünə qarşı, xüsusilə görkəmli, tanınmış üzvlərinə biganə olmayıb. Bu, yanlış fikirdir. Biri AYB-nin rəhbərini günahlandırır, biri mətbuat xidmətinin rəhbərini. Ancaq bunlar dəxlisiz məsələlərdir. Yubiley 50, 60, 70, 80 illikdə olur. Hətta biz 55, 65 illikdə də yubiley tədbirləri keçiririk. Elə adamlar var ki, ona yubiley keçirilməsini istəmir. Məsələn, bir dəfə 80 illik keçirmək istəmişik, deyib bu yaşın düşər-düşməzi olar, keçirməyin. Zorla kiməsə ad günü keçirməliyik?

AYB-nin aparat işçilərinin stolunun üstündə yazıçı və şairlərin doğum və anım günlərinin tarixləri olur, biz onu əvvəlcədən bilirik.

Rüstəm Behrudinin AYB-ni tərk etməsi üçün xüsusi səbəb görmürəm. Bu, onun şəxsi işidir. AYB könüllü təşkilatdır, bura üzv olmaq da sərbəstdir, üzvlükdən çıxmaq da. Ancaq Rüstəm müəllim gərək qurumdan incik halda getməyəydi. Çünki məsələlər onun düşündüyü kimi yox, tamamilə fərqlidir”.

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər