Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili məşhur gürcü rəssamı Niko Pirosmaninin “Çaydan su içən cüyür” əsərini Gürcüstan Milli Muzeyinə hədiyyə edib.
Bu haqda agenda.ge saytı Gürcüstanın Mədəniyyət Nazirliyinə istinadən məlumat yayıb.
Əsər xüsusi mərasimlə Dmitri Şevernadze adına Milli qalereyaya bağışlanıb.
Gürcü milyarderi və siyasətçisi İvanişvili bu əsəri Londondakı Sotheby's hərracından bu ilin iyununda 629 min funt sterlinqə alıb. Əsərin ilkin qiyməti 150-200 min funt sterlinq olub.
Gürcü primitivist rəssamı Niko Pirosmaninin “Çaydan su içən cüyür” əsəri sonuncu dəfə 2011-ci ilin noyabrında Sotheby's hərracında satılmışdı. Bundan öncə isə əsər 50 illiyə gürcü aktrisası Tamara Tsitsishviliyə məxsus olub. Pirosmani sağlığında bu əsəri “Ağ duxan” adlı meyxanəyə bağışlayıb və Tsitsishvili ailəsi də əsəri 1949-cu ildə elə ordan alıb.
Bu İvanişvilinin Gürcüstan Milli Muzeyinə ilk hədiyyəsi deyil, milyarder 2015-ci ildə “Christie's” hərracından 1,5 milyon dollara Pirosmaninin “Arsenal dağının gecə görünüşü” əsərini alaraq muzeyə hədiyyə etmişdi.