3 Oktyabr 2016 17:52
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk muzeylər keçən əsrin əvvəlində açılıb. Bu gün ölkədə 250-dən çox dövlət və özəl muzey var. Muzeylər turistlərə ölkəmiz haqqında daha çox məlumat toplamaq və səfərdən əlavə zövq almaq imkanı verir.

Sizi Bakının ən maraqlı muzeyləri ilə tanış etməkdə davam edirik. Bu dəfə ölkənin maddi və mənəvi mədəniyyət nümunələrinin qorunub saxlandığı üç muzey haqqında söhbət açacağıq.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Bakının mərkəzi küçələrindən birindəki memarlıq baxımından yaraşıqlı binada Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yerləşir. Muzey 1939-cu ildə dahi şairin 800 illik yubileyi münasibətilə yaradılıb. Lakin müharibə ilə əlaqədar olaraq muzey öz qapılarını tamaşaçıların üzünə yalnız 1945-ci il 9 May Qələbəsindən 5 gün sonra açıb.

Muzeyin binası 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmişdi. Bu binaya 1915-ci ildə ikinci mərtəbə artırılmış və o, “Metropol” mehmanxanasına çevrilmişdi. 1918-1920-ci illərdə isə burada Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin əməkdaşları həm işləyib, həm də yaşayıblar. Bina memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında yenidən qurularaq 1939-cu ildə Nizami Gəncəvi adına muzeyə verilib.

Azərbaycan mənəvi mədəniyyətinin böyük və zəngin xəzinələrindən biri olan bu muzey ən qədim zamanlardan müasir dövrədək ədəbiyyatımızın keçdiyi inkişaf yolunu əks etdirir. Hazırda muzeyin 30 əsas və 10 köməkçi zalında 4 mindən çox əlyazma, nadir kitab, illüstrasiya, portret, habelə heykəltəraşlıq nümunələri, miniatürlər, yazıçıların xatirələri və digər eksponatlar yer alıb.

VII-XII əsrlər Azərbaycan bədii keramika nümunələri, Nizaminin “İskəndərnamə” poemasının 1413-cü ildə köçürülmüş əlyazması muzeyin fəxridir. Qiymətli eksponatlar sırasında, həmçinin Nizami poemalarının miniatürlərlə birgə əlyazmalarını, Məhəmməd Füzulinin əsərlərinin nadir nüsxələrini, o cümlədən 1569-cu ildə üzü köçürülmüş “Bəngü Badə” əsərini, eləcə də Şuşanın əsasını qoymuş Pənahəli xanın dövlət fərmanlarını, M.F.Axundzadənin “Puşkinin ölümünə Şərq poeması”nın əlyazmasını qeyd etmək olar.

Muzeydə Qəzənfər Xalıqovun 1940-cı ildə işlədiyi Nizami Gəncəvinin portreti, müxtəlif dövrlərin tanınmış azərbaycanlı rəssamlarının, məsələn, S.Şərifzadə, K.Kazımzadə, M.Abdullayev, B.Mirzəzadə, S.Bəhlulzadə, O.Sadıqzadə, T.Salahov, T.Nərimanbəyov və başqalarının Azərbaycan söz sənətinin klassiklərinə həsr edilmiş əsərləri də saxlanılır.

Burada qədim və orta əsrlər, XIX-XX əsr Azərbaycan ədəbiyyatı elmi şöbələri, beynəlxalq əlaqələr və müqayisəli ədəbiyyatşünaslıq, bərpa və bədii tərtibat, bədii tədbirlər və ictimai əlaqələr şöbələri fəaliyyət göstərir. Elmi fondlarda 76 minədək qiymətli əşya saxlanılır.

Nobel qardaşları Muzeyi və ya “Villa Petrolea”

Nobel qardaşları Muzeyi Bakıda 2008-ci ildə açılıb. Bu, İsveç sərhədlərindən kənarda yerləşən yeganə Nobel muzeyidir. Qardaşlar tərəfindən 1884-cü ildə tikilmiş “Villa Petrolea” adlı kompleksin bərpası azərbaycanlı xeyriyyəçi Toğrul Bağırovun bütün ailənin marağını rəsmən təmsil edən Nobel Ailəsi Cəmiyyəti ilə birgə 2003-cü ildə yaratdığı Bakı Nobel İrsi Fondunun mühüm addımlarından biri oldu.

Robert, Lüdviq və Alfred Nobel qardaşları 1879-cu ildə “Nobel qardaşları neft istehsalı ortaqlığı” firmasının əsasını qoyublar. Firma əsas fəaliyyətini Bakıda və Abşeronda həyata keçirib. Qardaşların Bakı nefti əməliyyatlarından əldə etdikləri kapital dünyanın ən nüfuzlu mükafatlarından olan Nobel mükafatının material bazasının təxminən 20 faizini təşkil edib.

Villa tanınmış isveçli memar Lindval tərəfindən yerli əhəngdaşı və oduncaqdan istifadə edilməklə Vizantiya üslubunda tikilib. Binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu və havalandırma sistemi quraşdırılıb.

Evin interyeri dəyişdirilib, lakin bəzi elementlər (məsələn, buxarılar) əvvəllər olduğu kimi, dəqiqliklə yenidən qurulub. Ümumilikdə villanın interyeri sadə Avropa üslubunda formalaşdırılıb, lakin bir otaq Şərq üslubunda tərtib edilib. Binada Nobel qardaşları Muzeyi ilə yanaşı, Bakı Nobel Neft Klubu və Beynəlxalq Biznes Mərkəzi yerləşir.

Yenilənmiş “Villa Petrolea”da və muzeydə çoxlu artefaktlar, ailəyə aid qiymətli əşyalar, məşhur sənətkarların əsərləri saxlanılır: Faberje, keçən əsrin əvvəllərinin portretçi rəssamı V.A.Serov və başqalarının əsərləri. Bir sıra eksponatlar Nobel qardaşlarının varislərindən (hazırda onların sayı 400-dən çoxdur), kolleksiyaçılardan və Avropa ölkələrinin əntiq mağazalarından əldə edilib.

Nobel Biznes Mərkəzi və klubu görkəmli rəssamlar T.Nərimanbəyov, S.Məmmədov, G.D.Brijatyuk və başqalarının orijinal işləri ilə bəzədilib. Villanın həyətində heykəltəraş Zurab Seretelinin hazırladığı tunc atlar qoyulub.

Qeyd edək ki, Nobel qardaşları Bakı ətrafındakı “Villa Petrolea” kompleksini şirkətin işçiləri üçün tikmişdilər. Onun ətrafında evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının iqamətgahı yerləşirdi.

Məlumdur ki, Nobel firmasının işçiləri daş bünövrəli bir və ikimərtəbəli taxta kotteclərdə yaşayıblar. Böyük binanın aşağı mərtəbələri idarə üçün ayrılmışdı, yuxarı mərtəbələrdə klub, istirahət otaqları və kitabxana yerləşirdi. Bütün interyer zəngin tərtibata malik idi. Peterburqdan rəssamlıq əsərləri, kitabxana üçün kitablar, bağ üçün heykəllər gətirilmişdi. Otaqlara azərbaycanlı və iranlı xalçaçıların toxuduqları bahalı xalçalar döşənmişdi. Park, klub, kitabxana və evlərə ümumilikdə 250 min rubldan çox xərc çəkilmişdi ki, bu, o dövr üçün böyük məbləğ sayılırdı.

“Villa Petrolea” 1920-ci ilədək Nobel qardaşlarının mülkiyyəti olub. Kompleksin peşəkar bərpası nəticəsində onun təmtərağı və Skandinaviya üslubu özünə qayıdıb. Yeri gəlmişkən, muzeyə giriş pulsuzdur.

H.Zərdabi adına Təbiət Tarixi Muzeyi

Bu muzeyin astanasından içəriyə qədəm qoyanlar başqa bir aləmə düşürlər. Burada vitrinlərin arxasından və stendlərdən sizə Azərbaycanın zəngin təbiətinin nümayəndələri boylanır. Kiçik, lakin çox rahat və yaxşı saxlanılmış pavilyonda yerləşən bu möcüzələr parkına valideynlər uşaqlarını tez-tez gətirirlər.

Muzeydə iki şöbə - Azərbaycanın filiz və qeyri-metal yataqlarından əldə olunmuş nümunələr, minerallar və dağ süxurlarının saxlanıldığı geologiya şöbəsi və zoologiya şöbəsi yaradılıb. Muzeyin əsas fondunda 1400-dən çox müxtəlif eksponat saxlanılır. Zoologiya bölməsinin ekspozisiya və vitrinlərində muzey əməkdaşları tərəfindən ekspedisiya zamanı tapılmış çoxsaylı heyvan skeletləri və sümükləri saxlanılır. Ən qədim eksponat 120 milyon ildən çox əvvələ - tabaşir dövrünə aid ixtiozavr dişləridir!

Təbiət Tarixi Muzeyinin elmi tədqiqatları bir neçə istiqamətdə, əsasən paleontoloji obyektlərdə inkişaf edib. Onlardan ən əsası “Binəqədi dördüncü dövr”, “Eldar gec Sarmat hipparion faunası”, “Pirəkəşkül ali onurğalılar faunası”, Azıx mağarası ibtidai insanlarının çoxsaylı düşərgələri və digər tədqiqatlardır.

“Binəqədi dördüncü dövr” faunası kolleksiyasında məməlilərin 41 növünü, 110 quş, 1 sürünən, 107 həşərat və 22 bitki növünü fərqləndirmək olar. İndi Azərbaycan ərazisində olmayan və qazıntı zamanı, demək olar ki, bütöv tapılmış at, maral və sayqak skeletləri xüsusi maraq doğurur. Yırtıcı məməlilər sırasında Pleystosen canavarını, mağara şirini, Binəqədi ibtidai öküzünü, ayını və s. qeyd etmək olar.

Eldar faunası onurğalı heyvanların 23 müxtəlif növündən ibarətdir. Onların sırasında qazıntı zamanı tapılmış dəvəquşu yumurtası qabığı müstəsna maraq doğurur. Bundan başqa, muzeydə iki növ hipparion (atlar fəsiləsindən məməli), sarmat balinası, mastodontun aşağı çənəsi də təqdim edilir.

Muzeydə, ölkəmizin ərazisində 600 min əvvəl yaşamış və 2001-ci ildə Mingəçevirdə aşkar edilmiş Cənub filinin yuxarı çənəsi və dişləri də saxlanılır.

Emil Eyyubov, Azərtac


Müəllif: