“Əziz qardaşlarım, bir-birimizi sevək. Çünki sevgi Tanrıdandır. Sevən hər kəs Tanrıdan doğulub və Tanrını tanıyır. Sevməyən insan Tanrını tanımaz. Çünki Tanrı sevgidir…”
“İncil”dən
Keçmiş iş yerim yerləşən küçənin tinində bir kişi olurdu həmişə. Əlil arabasında oturur, bir əlini də açıq saxalayırdı. Ayaqları yarıdan kəsik, əl barmaqları da yox idi. Üz-gözündən bu çətin həyatı çoxdan yaşadığı bilinirdi. Yəni ağ gün görməyənlərdən idi. Amma nə yaşayışından, nə də məhrum olduqlarından şikayətlənirdi. Sakitcə yerində oturur, yoldan piyada keçən, maşınla ötən insanlar imkanı çatan qədər ovcuna pul qoyurdu.
Fikir vermişdim, yağışlı-küləkli günlərdə onun yerində həmişə eyni qara paltarı geyinmiş yaşlı bir qadın dayanırdı. Anasıydı yəqin.
Axırıncı dəfə isə onu həmin yerdə, uzaqdan uşağa bənzətdiyim sısqa bir qadınla gördüm. Yaxınlaşanda baxdım ki, həyat yoldaşıdır. Düz ərinin yanında, səkinin kənarında oturmuşdu. Çörək yeyirdilər. Kişi barmaqları olmayan əliylə arvadının ağzının qırağındakı yemək qırıntısını təmizləyirdi...
***
Binamızda yanğın baş verəndə birinci o qadın haylamışdı bizi. “Ay qonşular…” dediyini eşidib qapını açıb nə baş verdiyini soruşdum. Heç nə deyə bilmədi, dili-ağzı qurumuşdu elə bil. Axırıncı dəfə görmüş oldum onu.
Qarayanız qadın idi, saçlarını da həmişə arxada toplayıb sancaqlayırdı. Mənə çox yaxşılığı keçmişdi. Heç kimi tanımadığım o binada tez-tez halımı soruşurdu. Bilirdi ki, ikicanlıyam, xəstələnəndə maraqlanırdı, “Əynini qalın elə, bəhməz iç” deyirdi, qızı kimi məsləhət verirdi. Özünün qızı yoxuydu, ailə də qurmamışdı...
Yanğında dünyasını dəyişəndən sonra haqqında veriliş hazırlamışdılar. Müəllim yoldaşları danışırdı ki, ömrünü şagirdlərinə həsr eləmişdi elə bil. Deyirdilər elə hamıya yaxşılıq eləmək istəyirdi, kimin bir dərdi-səri olsa özünü qabağa atardı.
Şeir də yazırmış, evdə özüylə bərabər yaşayan bacı və qardaşının bundan xəbəri yox idi. Bunu biləndə başa düşdüm ki, əslində, o evdə tənha imiş. Bacısı tez-tez onunla dalaşırdı. Qapını çırpıb gedəndə sakitcə evə çağırırdı onu. Çağırmağı özünə qalırdı.
Yanğın baş verəndə qorxusundan qaçıb çölə çıxmaq istəmiş, amma elə yarı yoldaca boğulub ölmüşdü Firəngiz müəllimə.
***
Hərdən fikirləşəndə ki, həyatda məni indiyəcən ən çox hansı mənzərə üzüb, o uşaq gəlir gözümün qabağına. Metroda ağlayan daun uşaq. Üç-dörd yaşlı sevimli bir oğlan uşağıydı.Qəşəng də geyindirmişdilər, nənəsiylə gedirdi. Amma niyə ağladığı bilinmirdi, səssiz-səssiz ağlayırdı. Heç birimiz heç nə edə bilmirdik, hamımız donub qalmışdıq elə bil. Bu vaxt qarşı oturacaqda oturan balaca bir qız uşağı gəlib gözünün yaşını sildi, kiritdi onu. Hamının ürəyi yerinə gəldi.
***
Tolstoyun əsəridi - bir yaşlı pinəçi olur. Cavan vaxtında həyat yoldaşı ölür. Ondan yadigar üç yaşlı oğlu qalır. (O biri uşaqları elə doğulan kimi ölüblərmiş). Oğluna meylini salır, böyüdüb başa çatdırır. Amma anasının xəstəliyini daşıyan bu uşaq da ölür.
Oğlunu torpağa verən pinəçi həyata nifrət eləməyə, Allahı qınamağa başlayır, ondan özünə ölüm arzulayır. Artıq kilsəyə də getmir. Bir gün dərviş həyatı yaşayan bir qohumu ona deyir, giley eləmə, a kişi, səni incidən özün üçün yaşamağındı, get “İncil”i tap oxu.
Pinəçi “İncil”i oxumağa başlayır, dərdi-tasası azalır. Əvvəllər içib söyüş söyərək yatan adam indi şükr eləyərək yerinə girir. Bir gün “İncil”i oxuyanda fikirləşir ki, kaş Allah mənim qonağım olaydı. Bu dəm bir səs eşidir, deyir sabah sənin qonağın olacam.
Səhəri gün soyuqda küçədə qalan süpürgəçi kişini evinə gətirib ona şorba verir. Çölə çıxanda görür ki, bir qadın da yaman üşüyür, ona da gətirib paltosunu verir. Sonra acından alma oğurlayan uşağı satıcının əlindən alıb almanın pulunu ödəyir.
Gün beləcə keçir. Pinəçi yatmaq üçün yerinə uzananda yenə səs eşidir:
– Məni tanımadın? Mən bu gün sənin yanına gəlmişdim…
Bunu eşidəndə gözünün qabağına evinə gətirib şorba verdiyi kişi, paltosunu bağışladığı qadın, alma aldığı oğlan gəlir. Ayağa qalxıb “İncil”i oxumağa başlayır: “Mənim kiçik qardaşıma yardım edən mənə yardım edib”.
Onun qəbir daşının üstündə bu sözlər yazılır: “Harda sevgi varsa, orda Allah var…”
O əlil kişi də Allahdı, Firəngiz müəllimə də, daun olan yaşıdını kiridən qızcığaz da. Süpürgəçi kişi də Allahdı, üşüyən qadın da, alma oğurlayan uşaq da.
Biz isə Allahı göydə axtarırıq. Ona görə də tapa bilmirik…