İstanbulnamə 6
Nə Bizansın son imperatoru XI Konstantinin, nə də Konstantinopolu fəth edən sultan II Mehmedin ağlına da gəlməzdi ki, 555 ildən sonra həm yunanlar, həm türklər, həm də suriyalılar cəmi 5 lirəyə bu qanlı savaşı duya biləcəklər.
Mən də bu savaşda “iştirak” etmək, Bizans torpağına ayaq basıb sonuncu xanədanlığın yıxılmasına şahidlik etmək üçün “Panorama 1453” tarix muzeyinə yollandım.
Topqapı Kültür parkında yerləşən bu muzey Kültür bakanlığına tabe olmadığı üçün jurnalist vəsiqəm “etibarsız” sayılır və içəri keçmək üçün 5 lirə ödəməli oluruq.
Muzey haqqında əvvəlcədən araşdırma aparmadığım üçün içəri girdiyim zaman bir az karıxdım. Mən sırf Bizansın fəthi ilə bağlı stendlərin, qədim silahların olacağını düşünmüşdüm. Muzeyin adındakı “Panorama” hissəsinə də diqqət etmədiyim üçün bu halı yaşadım, az sonra isə müdhiş bir ortamla rastlaşdığım üçün sevindim.
Daha sonra muzeyin saytından oxuduğum məlumatda gördüm ki, içəri ilk dəfə girən ziyarətçi 10 saniyəlik şok yaşayır. Çünki rəsmin sərhədləri olmadığına görə ölçüləri qavramaqda ani durğunluq yaranır. Bu da bu panoramanı digər panoramik muzeylərdən fərqləndirən əsas cəhətlərdən biridir.
***
Bizansın fəthinə şahidlik edən Topqapı-Ədirnəqapı surlarının (qala divarlarının) yaxınlığında hazırlanan bu muzeyin inşasına İstanbul Böyük Şəhər bələdiyyəsi tərəfindən 2005-ci ildə başlanılıb, 2008-ci ildə tamamlanıb.
“Panorama 1453” tarix muzeyi 8 mütəxəssis tərəfindən hazırlanıb. Belə bir muzeyin yaradılmasının fikir sahibi rəssam, cizgi filmi rejissoru Haşim Vatandaşdır. Vatandaş həmçinin muzey layihəsinin koordinatoru olub.
Digər 7 nəfər isə bunlardır: Ramazan Erkut, Yaşar Zeynalov, Oksana Legka, Ahmet Kaya, Hasan H. Dinçer, Atilla Tunca və Murat Efe.
8 mütəxəssisin içində yer alan azərbaycanlı rəssam Yaşar Zeynalov 20 ilə yaxındır ki, Türkiyədə yaşayır, muzeydəki fiqurların əksəriyyətini o hazırlayıb.
Fəthin rəsmi 38 metr diametrli yarımkürə üzərində hazırlanıb. Yarımkürənin içini əhatə edən rəsm isə 2350 kv.metri əhatə edir. Rəsmlərdə 10 min fiqur çəkilib.
Muzeyə daxil olduqda Fatehin əsgərlərinin təkbir səsləri, at kişnərtiləri, Mehtər marşları eşidilir. Silahların, topların atəşinin səsi insana özünü savaşda zənn etməsinə səbəb olur. Səslər, rəsm, göy qübbəsi insanı tam anlamda sehrləyir, bir müddət sakitcə ətrafa baxmalı olursan. Bir neçə dəqiqədən sonra ayılıb muzeydə olduğunu fərq edir, detalları incələməyə başlayırsan.
Mən də 15 dəqiqədən sonra bu sehirli aləmdən ayrılıb, xatirə olaraq Fatehin qələbəsinin fotolarını çəkməyə başlayıram...
Ətrafda isə İstanbulu yeni fəth edən suriyalılar keçmiş Fatehin qələbəsini incələyirdilər...
Dilqəm ƏHMƏD