1 Noyabr 2016 16:37
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-da məşhur fotoqraf Stiv Makkarri öz instaqramında bu məlumatı bölüşdü: Pakistanda Federal təhqiqatlar idarəsinin əməkdaşları tərəfindən Şərbət Qula həbs olunub. Onun şəxsiyyət vəsiqəsi saxta olub və qadını 7 ildən 14 ilə qədər həbs cəzası gözləyir.

Hadisənin təfərrüatları da az-çox bəllidir: Əfqanıstanda yaşayan Şərbət ölkəsindəki çətinliklərdən növbəti dəfə qaçaraq Pakistana sığınmaq istəyib. Yanında özünün 3 qız övladı da olub.

Söhbət “Əfqan Cokondası” kimi tarixə düşmüş, fotosu 1985-ci ilin iyununda National Geographic jurnalının üz qağığını “bəzəyəndən” sonra tapdanmış insan haqlarının müdafiəsinə qalxanların simvola çevirdiyi o məşhur qızdan gedir. O şəxsdən ki, onun fotoları jurnala milyonlar, müəllifinə şöhrət, ad-san və pul, hüquq müdafiəçilərinə səs-küy qaldıraraq qrantlar qazandırıb, Amnesty International onu Sovet işğalının qurbanlarının ümumiləşdirilmiş obrazına çevirib. Bir sözlə, 30 il əvvəl şəklin topdansatışı və istismarı başlayıb və bu gün də davam edir. Və bütün bu illər ərzində artıq 3 uşaq anası olan o qızcığazın məşəqqətli həyatında yaxşılığa doğru heç nə dəyişməyib. Əksinə.

Artıq nə SSRİ var, nə Sovet qoşunları, Əfqanıstanı növbə ilə Taliban və ABŞ ordusu idarə edib, hazırda da ölkənin başında Qərb marioneti olan narkobaronlar dayanır, Taliban itirilmiş nüfuzunu yenidən bərpa edib, Qərbin qışqırdığı insan haqları konsepsiyası yenə çoxlu pul qazandırır - “Əfqan Cokondası” isə necə ümidsiz, yoxsul və bədbəxt idisə, elə o cür də qalıb.

Əlbəttə, fotoqrafın ona ad-san gətirmiş modelinin indiki taleyinə biganə qalmaması, onun həbsi xəbərini ictimailəşdirilməsi xoş haldır, ancaq istər-istəməz sual da doğurur: “Nədir, obrazın istismarının yeni mərhələsimi başlayır?” Axı yüz minlərə, on minlərə, hətta yüzlərə də kömək edə bilməmiş bu səs-küy fəndgirləri indiyədək - 30 il ərzində! - heç olmasa Şərbət Qulaya yardım edə bilərdilər! Heç olmasa onun bircəcik fotosunun istifadəsindən, informasiya müharibəsinin vasitələrindən birinə çevirərək qazandıqları milyonların hesabına bu bircəcik insanı xilas etmək olardı.

Yox, rus klassikinin deyimini başqalaşdırıb söyləmək istəyirsən: “İnsan haqlarından danışmağa başlayıblar, deməli, oğurlamağa hazırlaşırlar”.

44 yaşlı Şərbət Qula isə Pakistanda məhkəmə qarşısına çıxacaq və bütün dünyanın gücləri geosiyasətin milyonlarla qurbanından sadəcə biri olan qadının müdafiəsinə çağırışlara başlayıblar. Olsun ki, hər şey çağırışlarla da bitsin. Ola da bilər ki, qadını sərbəst buraxsınlar - bu da insan haqları epiqonçularının kassasına növbəti quruş sayıla bilsin.

***

O fotonun tarixçəsindən çox yazıblar. Qısaca bu cürdür: 34 yaşlı fotoqraf Stiv Makkarri 1984-cü ilin sonunda Əfqanıstan və Pakistana yollanır. Pakistanda qaçqın düşərgələrindən birində çadırda yerləşən məktəbdə əfqan qızların fotosessiyasını edir. “Model”lərin arasında 12 yaşlı Şərbət də olur.

Sonra ABŞ-a qayıdan Makkarri məhz Şərbətin fotosunun National Geographic jurnalının üz qabığında dərcində israr edir. Və təbiət haqda jurnal siyasətə bulaşır - baxın, Sovet işğalı qızı necə çıxılmaz duruma salıb.

Ancaq bəlli olur ki, qızın adı naməlumdur. Yəni, Makkarri heç onun kimliyini, yaşını soruşmayıb. Nə olsun ki! - əvəzində fotoqrafa məlumdur ki, qız Əfqanıstandan qaçanda Sovet təyyarələrinin bombardmanında ata-anasını itirib, Pakistana isə bacıları və nənə-babası ilə gəlib. Əlbəttə, adını bilmədiyin şəxsin bioqrafiyasını soruşacağına ümid etmə - bioqrafiyanı özün də uydura bilərsən. Əsas odur ki, şablonun olsun, sifarişi və çərçivələri biləsən. Qaçqındır? - dramatikləşdirilmiş faciə ssenarisi qur. Mütləq yetim olmalıdır, başlarına bomba düşməlidir və dağ yolları ilə, min bir çətinliklə qonşu ölkəyə qaçmalıdır. Adı olmasa da olar.

Fotonu “Əfqan qız” adlandırırlar. Bir neçə il sonra adı dəyişib “Əfqan Cokondası” (yaxud “Əfqan Mona Lizası”) edirlər. Fotonun müstəqil həyatı başlayır. O, təbliğat alətinə çevrildilir. Saysız-hesabsız mükafatlar alır, tirajlanır, obıvatellərin hisslərini formalaşdırır.

Makkarri foto barədə deyir: “Bu foto bir neçə cəhətinə görə insanların xoşuna gəlir. Əvvəla, qız gözəldir. İkincisi, onun baxışları adamı tilsimləyir - bu baxışlarda eyni vaxtda qətiyyət, həyəcan və qürur var. O, yoxsuldur, ancaq qürurludur. Ona Qərb paltarları geyindirsən bizim cəmiyyətimizin əksər üzvlərindən fərqlənməyəcək”.

Bəlkə də. Ancaq əsas sual qalır - bəs qızın sonrakı taleyi? Fotoları bütün dünyanı dolaşan qızın nə adı, nə də taleyi jonqlyorları maraqlandırır. Və bir də 17 il sonra - 2002-ci ildə Makkarri qızı axtarıb tapmaq fikrinə düşür. Niyə? Bəlkə ona görə ki, yeni fotosessiyaya ehtiyac yaranır? 12 yaşlı qızın 30 yaşındakı fotosu bazar üçün yeni mal ola bilər. İki fotonu yanaşı qoyursan, əgər qızın taleyi gətirməyibsə bu fotolara baxıb “ah, uf” edirsən, yeni fəlsəfi mühakimələrə qurşanırsan, emosiyalarla manipulyasiya üçün geniş meydan qazanırsan. Maraqlıdır və gəlirli işdir.

Makkarri naməlum qızı Tora-Borada (Əfqanıstanın ən dağlıq yerlərindən birində. Orada ki, mağaralarda bin Laden və ətrafı gizlənmişdi) tapır. “Mən onu ilk baxışdan tanıdım” - Makkarri deyir.

Bəs nə dəyişib? Qız 13 yaşı olanda ərə gedib, Əfqanıstana qayıdıb, ABŞ işğalının altında inləyən ölkəsində çətin ömrünü davam etdirir, adı-soyadı da Şərbət Quladır. Şəkildən də, şəklin məşhurluğundan da xəbərsizdir. Güzaranı haqda soruşanda “Talibanın vaxtında yaxşı idi. Heç olmasa sakitliik və qaydalar vardı” deyir. Makkarridən övladlarının təhsilinə yardım istəyir.

Bəs Makkarri nə edir? Fotonun istismarından milyonlar qazanmış National Geographic jurnalının bossları Şərbətə tikiş maşını bağışlayırlar. Makkarri isə deyir: “Biz axtarışımızı başlayanda heç bir pul yardımından söhbət getmirdi”. Əlbəttə, pula nə ehtiyac? Və davam edir: “Onun ərinə və uşaqlarına lazım olan tibbi yardım göstərdik. Onun xahişi ilə (Stop! Xahişi Şərbət edib, yoxsa heç bu da olmayacaqdı - Red.) mən tikiş maşını aldım ki, qızları sənət öyrənsin. Ancaq fotoqrafiyaya görə heç bir məbləğ ödəmədik”.

Məşhur fotonun bütün hüquqları təbii ki, Makkarriyə məxsusdur. O, bir senti də bölüşmək niyyətində deyil. O ki qaldı Şərbətin National Geographic jurnalının maliyyəsi ilə Məkkəyə getməsinə, bu məlumatın heç bir sübutu yoxdur. Böyük ehtimalla, dezinformasiyadır.

***

Beləliklə, əsr, minillik dəyişib, Şərbət Qulanın fotosu çoxlarının əlində vasitə, “sağmal inək” olub, onun özü üçün isə həyat səhərin açılmadığı gecə olaraq qalıb. Halbuki, qlobal xilasa iddialılar onlara fayda gətirmiş bu bir-bircəcik qadının xilasına da nail olmaq istəməyib. Hamının alıb satdığı, incəsənətin manipulyasiya alətinə və əmtəəyə çevrildiyi dövrdə burada qeyri-adi heç nə yoxdur.

“Əfqan Cokondası” hazırda Pakistan məhbəsindədir. Dövrün Cokondasının simvolik taleyi.

Ümid varmı? Pakistanın daxili işlər naziri Nisar Əli Xan BBC radiostansiyasına onun girov müqabilində azadlığa buraxıla biləcəyini söyləyib. Görək Makkarri və National Geographic jurnalı girov məbləğini ödəmək istəyəcəkmi?

Üstəlik, girov müqabilində Şərbətin sərbəst qalması heç də onun birdəfəlik azad olunması anlamına gəlmir. Nazir bunları söyləyib: “Əgər Şərbət Qulaya qarşı ittihamlar ləğv edilsə və qadın Pakistandan Əfqanıstana deportasiya olunsa, onda gərək ona saxta sənədlər düzəltiş məmurlara qarşı da cinayət işi dayandırılsın”. Bunu isə Pakistan polisi etməyəcək. Deməli, ittihamlar qalacaq.

İndi gediş növbəti Stiv Makkarridədir. O, modeli üçün pulundan keçməyə, yaxud məbləği toplamağa hazırdırmı?..


Müəllif: