Ömrü boyu yazsa da, hər bir yazıçının yaradıcılığında seçilən, digərlərindən fərqlənən bir və ya bir neçə şah əsəri olur ki, bu da onun ədəbiyyatda yerini və mövqeyini müəyyənləşdirir. “Aydın yol” qəzetinin “Uğurlu əsərlər” rubrikasında bu silsilədən növbəti həmsöhbəti tanınmış yazıçı Məmməd Orucdur. Müəlliflə, onun 1948-1951-ci illərdə Qərbi Azərbaycan torpaqlarından zorla köçürülən həmvətənlərimizin faciəsindən bəhs edən “Köçürülmə” romanı haqqında söhbətləşdik:
- Məmməd müəllim, öncə “Köçürülmə”nin mövzusu və yaranma tarixçəsindən danışaq. Əsəri nə vaxt yazmağa başladınız? 1980-ci illərin sonunda Ermənistanda yaşayan soydaşlarımızın başına gətirilən faciələrin romanın yazılmasına nə dərəcədə təsiri oldu?
- “Köçürülmə” mənim uşaqlığımın tarixçəsidir və əslində, mən bu romanımda Amerika-zad kəşf etməmişəm, uşaqlıq illərimi xronoloji ardıcıllıqla “ipə-sapa” düzmüşəm. Niyə? Çünki bu acınacaqlı məqamlarla dolu hadisələr məni həmişə düşündürüb. Səksəninci illərin sonunda “Köçürülmə”ni tamamlamaqla sanki ürəyimi boşaltdım. O ki qaldı, əsərin yazılma tarixinə, bunu müəyyən bir çərçivəyə sala bilmərəm, çünki “Köçürülmə”ni bir roman kimi başlayanda, burada ara-sıra istifadə etdiyim “Göz dağı” povestini bitirmişdim və “İntizardan sonra” kitabımı da çap etdirmişdim. Romana ayrıca bir fəsil kimi əlavə etdiyim “Şanqo” povesti də artıq hazır idi. Yeri gəlmişkən, “Şanqo”, povest kimi yalnız Moskvada rus dilində çıxan “Tansevalnaya melodiya” kitabımda çap olunub. Yəqin ki, “Şanqo”, vaxtında Azərbaycanda, Azərbaycan dilində çap olunsaydı, mən onu ayrıca fəsil kimi “Köçürülmə” romanına daxil etməzdim. Soruşdunuz ki, 1980-ci illərin sonunda Ermənistanda yaşayan soydaşlarımızın başına gətirilən faciələrin romanın yazılmasına nə dərəcədə təsiri oldu? Əlbəttə, bu hadisələr məni neçə illərdən bəri rahatlıq verməyən əhvalatları bədii əsər kimi yazmağa istiqamətləndirdi. Yeri gəlmişkən, bu zaman artıq Krım tatarlarının Krımdan, Axıska türklərinin Axıska ellərindən sürgün olunması da Sovet mətbuatı üçün yasaq mövzu sayılmırdı. Qorbaçovun “yenidənqurması” sel kimi gəlirdi. Sel isə, təəssüf ki, yalnız səngiyəndən sonra durulur və yalnız onda bilirsən ki, bu sel nə aparıb, nə gətirib…
- Romanın yazılma prosesi necə oldu? Onu nə qədər müddətə tamamladınız?
- İkiaylıq məzuniyyət götürüb Yurmalaya, Yaradıcılıq evinə getdim və elə bu iki ay ərzində də romanı tamamladım. Yadımdadır, hətta elə gün olurdu ki, 10-15 səhifə yaza bilirdim. Çünki heç nə uydurmağa ehtiyac yox idi – gördüklərimi, yaddaşımda qalanları yazırdım. Buna rus dilində “povestvovaniye” deyirlər. Amma əlyazmasını “Karvan” jurnalında oxuyanlar janrını həcminə görə müəyyənləşdirib “Bu, romandı” dedilər.
- “Köçürülmə” bir xalqın, etnosun dərdini çılpaqlıqla əks etdirən ağrı romanıdır. Həmin ağrını romanlaşdırmaq sizin üçün nə dərəcədə çətin oldu?
- Məncə, insanın işini-gücünü atıb yazmasına səbəb ya ağrıdı, ya sevinc. Məni qələmi əlimə almağa yalnız ağrı vadar eləyib və inanmıram ki, sevinc də mənə nəsə yazdıra.
- Oxucuların çoxu ən yaxşı əsərinizin “Oyun havası” olduğunu düşünür. Xalqın ağrılarından yoğrulan “Köçürülmə”, sizcə, o biri əsərlərinizə nisbətən diqqətdən kənar qalmayıbmı?
- Sizin çevrənizdə olan oxucularla müəyyən mənada həmrəyəm. O ki qaldı “Köçürülmə”yə, roman, güman etdiyiniz kimi, o qədər də diqqətdən kənar qalmayıb. “Karvan” jurnalında çap olunan il M.F.Axundov mükafatına layiq görülüb. Bu, elə-belə sıradan bir təltif deyildi. Arxasında 2500 manat pul dururdu və bu heç də az məbləğ deyildi. İkincisi, Azərbaycan Yazıçılarının X qurultayında roman təqdir olundu. Nəsr üzrə məruzəçi Vilayət Quliyev roman haqqında ətraflı bəhs elədi. O ki qaldı romanın sonrakı taleyinə, bəli, roman latın qrafikası ilə nəşr olunan məşhur əsərlərin siyahısına düşmədi və yeni oxucu nəsli bu romandan xəbərsiz qaldı. Amma qərara almışam ki, gələn ilin əvvəllərində – 70 yaşımın astanasında romanı latın qrafikası ilə şəxsi vəsaitim əsasında çap eləyim, sağlıq olsun.
- Bəzi oxucuların fikrincə, əsərin müəyyən yerlərində sanki bir qədər uzunçuluq var. Məsələn, Sovet buğası – Şanqo ilə bağlı hissədə Sovet hökumətinin mahiyyətini ifşa edən təfərrüatları nümunə gətirə bilərik.
- Bu gün romanı yeni gözlə varaqlayanda lüzumsız parçalar görürəm, amma Sovet buğası – Şanqo ilə bağlı fəsil, məncə, romanın ən uğurlu yeridir.
- “Köçürülmə”ni indi yazsanız, orada nələri dəyişərdiniz, nələri əlavə edərdiniz?
- “Köçürülmə”ni indi yazsaydım, üç paralel aparardım, azərbaycanlılarla yanaşı, Krım tatarlarının, Axıska türklərinin deportasiyasını da bu romanda qələmə alardım və bu üç toplumun nümayəndələrini Orta Asiya çöllüklərində görüşdürərdim. Çünki hər üç deportasiyanın səbəbi eynidi. Səbəb eynidirsə, nəticə fərqli ola bilməz.
- Əsas obrazlardan biri olan Almurad əsərdə deyir ki, Vedi torpağı əvvəl-axır bu gün zorla köçürülən adamları yenidən başına yığacaq. Ümumiyyətlə, torpağın, məkanın hansısa mistikası ola bilərmi?
- Hər şey göz qabağındadır, bu gün sonsuz çətinliklərə baxmayaraq, Krım tatarları Krıma, Axıska türkləri Axıskaya qayıdırlar, bəs elə isə Azərbaycan türkləri nədən Qərbi Azərbaycana qayıtmasınlar? Krım tatarlarını, Axıska türklərini bu gün Krıma, Axıskaya qaytaran nədir? Məncə, qan yaddaşı heç də gəlişigözəl bir söz deyil, gerçəklikdi.
- Vedidən çıxanda neçə yaşınız var idi və ən çox yadınızda nələr qalıb?
- Mən 1947-ci ilin martında doğulmuşam. Bizi Vedidən 1951-ci ilin payızında deportasiya eləyiblər. Bu fəslin dəqiq yadımda qalması atamın köç-külfətimizlə bir yerdə Daşburun stansiyasına gətirdiyi armud yeşikləri ilə bağlıdır. Atam o armuddan biz uşaqlara vermirdi, stansiyada satırdı ki, dolanışıq üçün pul eləsin.
- “Köçürülmə” romanının girişində bir daşdan söz açırsınız. O daş indi də sizə nələrsə yazdırır?
- O daş yazıçı təxəyyülünün bəhrəsi – uydurma-filan deyil. Həqiqətən, köçürülmə ərəfəsində deyirdilər ki, gedəcəyiniz yerdə daş yoxdur. Mən də o daşı götürmüşdüm ki, yeni məkanımızda əlimə qoz, fındıq düşsə, sındıra bilim. Doğrusu, ümumiyyətlə, artıq heç nə yazmaq istəmirəm, bir ağac böyütmək mənim üçün daha maraqlıdı.
- Köçürülmə dünya ədəbiyyatında yetərincə populyar mövzudur. Romanın tərcümə olunub dünyaya çıxması haqqında düşünmüsünüzmü?
- Bəli! Bu mövzuda -Axıska türklərinin deportasiyası haqqında Türkiyə kinematoqrafçıları gözəl serial da çəkiblər, baxmışam, Fazil İsgəndər də, deyilənə görə, bu mövzuda mükəmməl roman yaradıb. O ki qaldı mənim romanımın başqa dillərə tərcüməsinə, qeyd edim ki, əsər hələ 25 il qabaq Mədinə xanım Eldarova və Nadir Ağasıyev tərəfindən rus dilinə çevrilib və “Literaturnıy Azerbaydjan” jurnalında çap olunub. Bir zaman qardaş Türkiyədən Seyfəddin Altaylı romanı Türkiyə türkcəsinə çevirmək istəyirdi, amma nəsə, baş tutmadı.
- Romanın motivləri əsasında film çəkilsə, sizcə, nə dərəcədə uğurlu alınar?
- Məncə, bu rejissordan asılıdı, türklərin eyni mövzuda çəkdikləri “Sürgün” serialına bənzəyər də, bənzəməz də… Yeri gəlmişkən, hələ roman gündəmdə olanda rejissor Rasim İsmayılov romanın ssenari variantını yazmışdı, bədii şuradan keçirmək istəyirdi, amma ömür aman vermədi, ssenari də, yəqin ki, arxivində olar. Hər halda, film çəkilsə yaxşı olardı, indi hansısa bir əsəri daha çox film variantı ilə gündəmə gətirmək olar. İnternet və telekanallar, təbii olaraq, oxucuları əlimizdən aldı, elə bizim özümüzü də tamaşaçıya çevirdi. Daha nə deyim?
- Bir qədər öncə dediniz ki, daha heç nə yazmaq istəmirsiniz, bir ağac böyütmək daha maraqlıdı, amma son üç ildə iki roman çap etdirmisiniz: “Qısa qapanma” və “Qara güzgü”...
- ...“Qara güzgü”, əslində “Köçürülmə”nin əvvəli, “Qısa qapanma” isə dolayısı yolla ardıdır. Amma gəlin görək, bu iki romanı naşirləri – yəni redaktorları, korrektorları çıxmaq şərtilə on-on iki adam oxuyubmu? Hərdən fikirləşirəm, görən, biz niyə yazırıq? Bir dildənpərgarın söylədiyi kimi, qaloş geyinən yoxdursa, qaloş fabriki niyə işləyir? Amma söz dünyası xali deyil. Oxuyanlar da var. Rejissor Rafiq Həşimov, hətta “Qısa qapanma”nı ekranlaşdırmaq niyyətinə düşüb və mən də razılığımı vermişəm.
"Aydın yol", Elmin Nuri