Teleqraf.com Mahir Naziroğlunun şeirlərini təqdim edir:
Oğurladım
Gözlərindən yorğunluq,
dodaqlarından bal süzülən
şəklini oğurladım.
Gecələr yatağımda
ballı dodaqlarından
öpəcəyəm
yuxularım dadlı olsun deyə.
***
Sevginin bir üzü oyundu deyib
oyunbazlar kimi baxışdıq.
Oyatdı “sevgi qazanxana”sı baxışların
qışı yatan ayı kimi ayı ehtirasımı oyatdı.
Sevginin bir üzü oyundu deyib
oynaşa-oynaşa qoynumda dolaşan
iyirmi beş yaşa.
Qucağıma gəl sevişək,
Sevginin bir üzü oyundu deyib,
soyun inadını,
soyun oyuncağım ol, ömrümə gəl sevişək.
***
Mənə çox şeyləri öyrətdi zindan zaman
Torpağı, insanları, təbiəti,
heyvanları,
bir də azadlığı duymaq, sevmək öyrətdi mənə zindan zaman.
Torpağı, insanları, təbiəti,
heyvanları, azadlığı duydum, sevdim.
Ax nə qədər dadlı bir iş
duymaq, sevmək barmaqlıqlar ardından
***
Çinli Liyonq şeytana lənətlər yağdırdı
sındırdı içindəki inad adlı bütü
dəyişdi dinini
adını dəyişdi
məni Əli çağırın
Allahın bəndəsiyəm dedi
Ruzisini
ata-anasının sağlığını Allahdan istəyir
Allahdan istəyir məmləkətinə dönəcəyi günü
əzizlərinə qovuşacağı anı
Qızı Günanın dadlı gülüşünün
xəyalıyla yumar gözlərini
gecələr doğulduğu şəhər Çintianın həsrətlisi Vanqjiao ilə
Şilonmata parkında gəzişdiyi gecələrin
həsrətiylə yaşayar Çinli Əli zindanda
Axirət gününü gözləyənlərin
həsrəti böyüklükdə olur qəriblərin həsrəti.
Çinli Liyonq
şeytana lənətlər yağdırdı
sındırdı içindəki inad adlı bütü
Budur, Allah qəbul etdi bəndəsinin duasını
Bu gün ölkəsinə dönür Çinli balası
Sağ-salamat, qardaşım, sağ-salamat
***
Kimin dərdini çəkəsən,
Kimə qəlbən ağlayasan?
Dost ola, bağrına basıb
Dərdini qucaqlayasan.
Qapımı döyməyən adam
Nə bilsin kiməm, nəçiyəm
Yediyim dərd, içdiyim qəm,
Mən elə dərdin özüyəm.
Min illərin ovçusuyam,
Hürkdü tələmdən kəkliyim.
Ən ağır yükdü qəlbimdə,
Çəkilməz dərddi təkliyim.
Mən sözlə Allaha qovuşan bəndə
Qəlbimin sözünə dilim ət döşək,
Beynimin deyimi dilimə yatmaz.
Çırpınıb coşmasa, sinəmdə ürək,
Çarəsiz əllərim qələmə yatmaz.
Mən sözlə Allaha qovuşan bəndə
Ta ayrı xoşbəxtlik arama məndə.
Od tutub yanaram yağışlı gündə,
Yağışdan bir damla külümə yatmaz.
Haqqa gedən yolun düzündən dönən,
Özünü itirən,özündən dönən,
Əhdini sındıran, sözündən dönən,
Əcəli yetməsə, ölümə yatmaz.