Teleqraf.com İlham Qəhrəmanın "Həsən əmi" şeirini təqdim edir:
Xanım-xatın arvadın
öldü, Həsən əmi.
Cibində dərman nüsxələri,
Evində bir qutu dərman
qaldı, Həsən əmi.
Hirsinə, hikkənə
kim ütü çəkəcək,
işdən dönəndə
əlinə kim su tökəcək?
Toylarda "Sarıköynək"
havasını çaldırardın,
arvadınla qol qaldırardın.
Kəndin toylarından
o hava getdi,
O gözəl günlərin
hara getdi?
Dünyaya etibar nə gəzir?
Elə bilirdin sağaldacaq onu
qapının başına qoyduğun nəzir.
Həkimlərə xələtin qalıb,
Həmişəki deyilsən,
indi qaraltın qalıb.
Bu nə dərddi tapdı səni,
Taladı, çapdı səni.
Canını dişinə yığmısan,
Üzünə demək olmasın,
yaman sınıxmısan!
…Canını dişinə yığmısan,
Canın niyə acıxıbdı, Həsən əmi?!
Səhərdən oturmusan bu daşın üstə
dur get evə,
Ay çıxıbdı, Həsən əmi…